Mətbuat azadlığı Hadisə

Mətbuat azadlığı

Arzu Şirinova

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür. Xatırladaq ki, 1993-cü ildə BMT Baş Assambleyası YUHESKO Baş Konfransının 26-cı sessiyasının tövsiyəsinə uyğun olaraq 3 may tarixinin Ümumdünya Mətbuat Azadlığı Günü kimi elan olunmasını qərara alıb. Hər ilin bu günü bütün dünyada mətbuat azadlığının təməl prinsiplərinə sadiqlik, kütləvi informasiya vasitələrinin müdafiəsi, eləcə də həlak olmuş jurnalistlərin xatirəsinin yad edilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir. Bayram tarixi Afrika mətbuatı və plüralizminin müstəqilliyinin təminatına təsir üzrə Vindxuk bəyannaməsinin elan olunması ilə üst-üstə düşür. Onu da xatırladaq ki, bəyannamə 1991-ci il mayın 3-də YUHESKO və BMT-nin Vindxukda (Hamibiya) təşkil etdiyi seminarda qəbul olunub. Sözügedən bəyannamə dünya dövlətlərinin hakimiyyətlərini mətbuat azadlığı və onun demokratik xarakterini təmin etməyə çağırır. İddia azadlığı və onların sərbəst ifadəsi insan haqlarının təməllərindən biridir. Bu, BMT-nin insan haqları ümumictimai bəyannaməsinin 19-cu maddəsində də göstərilib. Açıq kütləvi informasiya vasitələri daha böyük dəyər kəsb edir. Onlar "güzgü" funksiyasını yerinə yetirir. Bu "güzgü"də isə cəmiyyət özünün real əksini görə bilir. Hə yazıq ki, söz azadlığı dünyanın bir çox ölkələrində əlçatmaz arzu olaraq qalır. Bir sıra ölkələrdə jurnalistləri susmağa vadar edirlər, digərlərində isə KİV əməkdaşları özləri özlərinin satın alınmasına şərait yaradırlar. Məhz bu gün hakimiyyətlərə mətbuat azadlığının təminatı sahəsində öz öhdəliklərini yerinə yetirməyin zəruriliyini xatırlatmaq üçündür. Bu gün, eyni zamanda kütləvi informasiya vasitələri sahəsində peşəkar olanlar üçün söz azadlığı və peşəkar etika haqqında düşünmək imkanıdır. Dünya Mətbuat Azadlığı gününün əsas tədbiri YUHESKO Dünya mükafatının Gilyermo Kano adına mətbuat azadlığı işinə verdiyi töfhələrə görə təqdim edilməsidir. Kolumbiyalı jurnalist Gilyermo Kano 1986-cı ildə peşəkar vəzifəsinin icrası zamanı həlak olub. Gilyermo Kano adına Ümumdünya Mətbuat Azadlığı Mükafatı mətbuat azadlığı işinə töhfə vermiş ayrı-ayrı şəxslərə, təşkilat və ya müəssisəyə verilir. Xüsusən də əgər bu fəaliyyət risk və ya repressiyalarla bağlıdırsa.
Azərbaycan jurnalistləri də məhz peşə fəaliyyətlərinə görə terrora məruz qalıb, öldürülüb, həbsə atılıb və təqib olunublar. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edəndən bu yana peşəkar jurnalistlərimiz-Salatın Əsgərova, Çingiz Mustafayev və Alı Mustafayevi erməni terrorçuları qətlə yetiriblər. Terror qurbanı olan bu jurnalistlər heç nədən çəkinmədən dəfələrlə döyüş bölgələrinə gedərək reportajlar hazırlayıb və bütün ictimaiyyəti məlumatlandırıblar. Ermənilər isə onların hər birini qətlə yetirmək üçün fürsət axtarırdılar. Və bu fürsəti əldə edən erməni terrorçuları Salatın Əsgərovanı maşında getdiyi yerdə öldürdülər, Alı Mustafayev vertalyotun partladılması nəticəsində həlak oldu, Çingiz Mustafayev isə Xocalı soyqırımı faktını lentə alandan sonra düşmən gülləsinə tuş gəldi.
Məncə, Azərbaycanda da bu günü qeyd etməyə haqqı olanlar yetərincədir. Xüsusən yazılı KİV-də fikir plüralizminin təmin edildiyindən danışa bilərk. TV və radio kanallarımız haqqında isə bunu deməyə çətinlik çəkirəm. Bununla belə nəzərə alsaq ki, yeni media növləri-internet mediası artıq bizim ölkəmizdə də yetərincə oturuşub, o zaman bayram etmək üçün hər halda haqqımız var.
Azərbaycanda bəzən azadlığı düz başa düşmürlər. Amma bu bir qaydadır ki, birinin azadlığı digərinin hüquqlarının sərhəddinə qədərdir. Mənim üçün azadlıq anlayışı budur. Azadlıq o demek deyil ki, kim nə istəsə yaza bilər.
Burada milli maraqlar, dövlətin mənafeyi nəzərə alınmalıdır.
Əgər bu gün bir jurnalist kimi fikrimi yaza bilirəmsə və buna görə mənə heç bir təzyiq olunmursa, mənim üçün mətbuat azaddır. Əgər kiminsə problemi varsa, qoy bir az da günahı özündə axtarsın. Bir çox hallarda bizdə jurnalistlər xal qazanmaq naminə sensassiya yaratmaq üçün yazırlar, bu isə yolverilməzdir. Bəzən müxalif mövqedə olan mətbuatda çalışan həmkarlarım azadlıq olmadığını deyirlər. Amma bir az da həmin qəzetlərə baxsaq bunun əksini müşahidə etmiş olarıq...