Seyran mamamız... Hadisə

Seyran mamamız...

Arzu Şirinova

Onunla sonuncu dəfə ötən ilin 31 dekabrında danışdım. Bayramını təbrik elədim. Telefonun o başından dedi:"Oturub səhərdən zəngini gözləyirdim. Bir az da gec zəng vursaydın özüm yığacaqdım". Məni və bütün ailə üzvlərimizi bircə-burcə soruşdu, təbrik elədi. Və hər zaman olduğu kimi o qədər alqış elədi ki, hər birinə, heç "sağ ol" sözümə macal vermədən dualarını əsirgəmədi. Söz verdim ki, gələcəm söhbətləşək. Ancaq nəsib olmadı. Yanvarın 17-də dünyasını dəyişdi. Xəbəri alanda ürəyimdən bunlar keçdi-bir ana da vətən həsrəti, torpaq nisgililə bu dünyadan köçdü. ..
...91 yaşı vardı Seyran mamanın. Biz tərəflərdə, yəni Qubadlıda bibiyə mama deyə müraciət edərlər. Mən də həyat yoldaşımın bibisinə onun diliylə mama deyərdim. Seyran mama həyatın hər üzün görüb-pis günləri də(pis gün deyəndə, çətinliyi nəzərdə tuturam ki, səkkiz övladı böyüdüb boya-başa çatdırmaq, həm də ailədə çalışan bir kişinin əmək haqqı ilə hər birnin təlabatını ödəmək, onlara ali təhsil vermək, ev-eşik sahibi də etmək asan məsələ deyildi), yaxşı günləri də olub. Ancaq hər zaman şükür eləyib Allaha. Rayonda evləri yolun kənarında yerləşirdi. Zor və Fərcan kəndlərindən kim şəhərdən gələrdi düşəcək yerləri həyat yoldaşı, el ağsaqqalı İsfəndiyar Muradovun evi olardı. Qohum, kəndçi olsun-kimliyindən asılı olmayarq hər biri üçün Seyran mama süfrə açardı. Samavar çayı əskik olmazdı. Gələnlər çay içər, bir qismət də olsa çörək kəsib dincələr, sonra taksiylə kəndlərinə yola düşərdilər. Bir dəfə də olsun Seyran mamamın narazı baxışların görən olmamışdı. Əksinə, onun çayını içmədən, çörəyini kəsmədən gedən olurdusa inciyərdi. ..
...Rayonda qızı Fatmayla qonşuyduq. Ürəyimiz ləzzətli yeməklər istəyəndə Seyran mamaya bir zəngimiz bəsiyd. Bir dəfə hər ikimizin könlünə xəşil yemək düşdü. Seyran mamaya bildirəndə dedi durun gəlin. Getdik ki qonaqları var. Öz-özümə fikirləşdim ki, deyəsən xəşil yeyəsi olmadıq. Çünki bir belə adama xəşilmi çatdırmaq olar. Ancaq Seyran mama üz-gözümdən düşündüklərimi oxumuşdu. "Hər kəsə çatacaq" deyib, yekə bir qazanı isti peçin üstündən götürüb yerə qoydu və nimçələrə bol-bol xəşil çəkdi. Dağ elədiyi nehrə yağını xəşilin üstünə töküb payladı. Süfrədə qoyulan doşabdan nehrə yağlı xəşilin üstünə töküb ləzzətlə yedik. O xəşilin dadı hələ də damağımdadı...
....Seyran mamanın bir oğlu, yeddi qızı var-Sima, Fazil, Sara, Bahar, Kifayət, Fatma, Bənövşə, Fəridə. Necə deyərlər, cənnəti bu dünyada qazanmış anaydı. Hər birinə ali savad verib. Özü danışardı ki, ali savadı olmasa da həyat yoldaşının tövsiyyəsilə çoxlu bədii ədəbiyyat oxuyub. Bəlkə də ona görəydi ki, Seyran mama dünyagörüşlü bir ağbirçək idi. Hərdən şerlər də yazardı və yazdıqlarının çap olunmasını çox istəyərdi. ..
... Seyran mamanın ömrünə yazılmağını istəmədiyi günəri də olub. Biri elə Qubadlının işğalı günüdür. Uşaqlığı, gəncliyi və qocalığa doğru irəlilədiyi illəri keçirdiyi, həsrətində olduğu Qubadlı . Qubadlıdan məcburən didərgin düşdükləri gün bütün analar kimi onun da bir arzusu vardı-övladları düşmən əlinə keçməsin. Hər biri cağ-salamat gəldilər. Düzənlərini qurbağa başladılar. Ancaq bir-birinin ardınca bədbəxt hadisələr yaşadılar –İsfəndiyar babayla Seyran mama. Qızları Bənövşənin həyat yoldaşı Həsən cavan vaxtlarında qəfildən dünyasını dəyişdi. 3 körpəni Bənövşə atasız böyütdü. Seyran mamanın bir əli onların üstlərində oldu. Elə Bənövşə və övladları da Seyran mama ölənə kimi onun qayğısını çəkdilər. ..
...Ömrünə yazılmağını istəmədiyi günlərdən biri də qızı Baharın böyük oğlu Faiqin Naxçıvanda döyüşlər zamanı başından yaralanması, dünya işiğına həsrət qalmasıydı. İlk illər bu hadisəni daşıya bilmirdi. Ancaq Faiqin iradəsi, həyatsevərliyi bütün doğmaları kimi Seyran mamanın da qəlbindəki ağrını bir qədər xəfiflətdi. Faiq hər dəfə ailəsi və övladlarıyla Seyran mamaya baş çəkməyə gələndə şükür edirdi ki, heç olmasa Faiqin gözəl ailəsi, övladları və bir də çalışdığı Xarici Dillər Universitetində müəllimlər, tələbələr , eləcə də qohum əqraba, dostlar arasında barmaqla sayılacaq sayda insanların qazana bildiyi dağlar boyda hörməti var. ..
...Sumqayıtda məskunlaşandan bir neçə il sonra ömür-gün yoldaşı İsfəndiyar Muradov dünyasını dəyişdi. Elə hey deyərdi ki, "İsfəndiyar xoşbəxt atalardandı ki, oğlunun çiynində məzara getdi". Özünə də bunları arzulayardı. Oğlu Fazil bir gün Seyran mamaya baş çəkməyə gələndə "atamın yanında boş yer var, deyəsən mənə qismət olacaq" deyəndə, Seyran mama "ora mənim yerimdi"deyib. Bu söhbətin üstündən az keçmədən Allahdan dilədikləri çin olub. Övladlarının hər biri başının üzərində dünyasını dəyişib. Oğlunun, sevimli nəvəsi Zəfərin çiyinlərində məzara qoyulub…
...Seyran mama iki otaqlı həyət evində yaşayırdı. Bu kiçik otaqlar bütün qohum əqrabanın, dost tanışın sanki görüş yeriydi. Çoxdan görüşməyənlər bazar günləri Seyran mamanın evinə getsəydilər mütləq görüşərdilər. Bu ev o qədər doğmaydı ki, kimsə burada sıxılmazdı. Seyran mamanın qırx günün tamamına az qalıb, cümə axşamlarında yenə o evə yığışırıq. Qubadlılı günlərimizin bitib tükənməyən xatirələri bir-birini əvəz edir və sonda deyirik ki, Seyran mamanın ölümü də gözəl oldu. İllərdir görüşməyən dostlar burda görüşərək ötən günlərə boylanırlar...
...Seyran mama Novruz bayramına xüsusi hazırlaşardı bu yaşında. Qızları bayramlıq üçün biş-düşlərini analarının evində edərdilər. Seyran mama üçünsə xüsusi pay ayrılardı. Çünki gəlib-gedənləri çox olurdu. İstəməzdi ki, süfrəsində nələrsə əskik olsun. Az qalıb Novruza. Bütün nəsil yenə o evə yığışacaq, ancaq bu dəfə Seyran mamanın qara bayramına. Heç xoşlanmazdı bu deyimdən...
...Bu 23 ildə ondan eyni sualı eşidirdim, "bala torpaqların alınmağından nə xəbər?" Elə zənn edirdii, jurnalist olduğum üçün hər şeyin yaxşısını bilirəm. Hətta lap dərinliyinə kimi. Bu 23 ildə də eyni cavabı verəsi olurdum- "hələ heç bir xəbər yoxdur, ancaq deyirlər yaxşı olacaq".
...Ancaq günlərin bir günü Seyran mama eyni sualı vermədi. Ancaq verəcəyi sualına doğru cavab gözlədiyini də üz-gözündən hiss etdirdi.
-Deyilənlər doğrudur?
-Hansını deyirsən?
-Özün yaxşı bilirsən. Ağdamın iki kəndinin bizimkilərin almağını deyirəm.
-Yox, düz çıxmadı.
-Nəvəm həmin gün internetdən cəbhədə baş verənləri mənə oxudu. Az qala ürəyim dayanacaqdı. Şəhidlərimizin hər birinə bayatı qoşub ağladım. Nə gizlədim, bir tərəfdən də sevinirdim ki, itki versək də əsgərlərimiz torpaqlarımızı almağa başlayıb.
Ötən ilin aprel döyüşləri və milli ordunun irəliləyərək bəzi ərazilərimizi erməni işğalçılarından azad eləməsi Seyran mamanı o yerlərə qayıdacağı günə inandırmışdı. Bu arzuyla dünyasını dəyişdi Seyran mama.
...Bir ana da vətən həsrəti, torpaq nisgililə bu dünyadan köçdü...