Zakir Həsənov türkiyəli ordu generalı ilə görüşüb Hadisə

Zakir Həsənov türkiyəli ordu generalı ilə görüşüb

İyunun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Saleh Zəki Çolaq ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb.
Azərbaycana növbəti dəfə səfərindən məmnunluq hissi ilə danışan ordu generalı Saleh Çolaq Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.
Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Saleh Çolaq Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.