Türkiyə-İran sərhədində partlayış olub Hadisə

Türkiyə-İran sərhədində partlayış olub

Iki istehkamçı yaralanıb

Türkiyə-İran sərhədində ərazilərin partlamamış hərbi sursatdan təmizlənməsi zamanı partlayış baş verib.
DHA-nın verdiyi xəbərə görə, partlayış nəticəsində iki azərbaycanlı yaralanıb. Hadisə İqdır vilayətinin Aralıq rayonunda, Ağrı dağının ətəyində qeydə alınıb. Mina təmizliyi ilə məşğul olan Azərbaycan vətəndaşları - 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minanı zərərsizləşdirmək üçün poliqona aparakən partlayış olub. Razi Aslanov əllərindən və gözündən, Ruslan Abişov isə ayaqlarından xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların həyatına təhlükə olmadığı bildirilir.
Bildirilib ki, ərazidə Azərbaycan, Türkiyə və Mozambik vətəndaşları təmizlik tədbirləri görürlər.
Baş verən partlayışla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) açıqlama verilib.
ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova bildirib ki, Agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan "MECHEM" şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir.
O qeyd edib ki, 19 aprel 2017-ci ildən etibarən indiyədək əməliyyatlar zamanı mütəxəssislər tərəfindən minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.
"20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Onların həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur", - deyə S. Sərkərova bildirib.