Fransada Tovuz Nar Evi açılıb Hadisə

Fransada Tovuz Nar Evi açılıb

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) İcra Şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib.
Azərbaycanın Dostları Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Fransa-Azərbaycan arasındakı münasibətlərdən, intensiv inkişaf edən qardaşlıq əlaqələrindən bəhs edilib, Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələrdən danışılıb.
ADA-nın Prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan-Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qısa müddət keçməsinə baxmayaraq, bu istiqamətdə müxtəlif uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.
Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən Azərbaycanın Dostları Assosiasiyasının Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və bu səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, iclasdan sonra İcra Şurasının üzvləri "Tovuz Nar Evi"nin açılışında iştirak ediblər. Bundan başqa, ADA-nın nümayəndə heyəti Konyakda yerləşən Azərbaycan şairi Məhsəti Gəncəvinin heykəlini ziyarət edib.