Sənədi olmayanlar imtahanına buraxılmayacaqlar Hadisə

Sənədi olmayanlar imtahanına buraxılmayacaqlar

Məleykə Abbaszadə: "Neft-qaz sahəsi üzrə ixtisaslarla bağlı yüksək müsabiqə vəziyyəti yaranır"

"Müsabiqəyə buraxılmaq üçün tələb olunan bal keçid ballarından fərqlənir. Müsabiqədə iştirak üçün tələb olunan balı biz əvvəlcədən elan edirik. O balı toplayan abituriyentlər ərizə yazıb ixtisas seçə bilərlər. Keçid balları isə müsabiqəyə görə formalaşır". APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bir ixtisasa yüksək bal toplayan daha çox abituriyent sənəd verə bilər, digər ixtisasa isə heç kim sənəd vermək istəməz: "Buna görə də keçid balının necə olacağını əvvəlcədən deyə bilmərik".
TQDK sədri onu da qeyd edib ki, 5-10 il əvvəl neft-qaz sahəsi üzrə olan ixtisaslarla bağlı yüksək müsabiqə vəziyyəti olmayıb, amma indi bu ixtisaslara çox yüksək müsabiqə vəziyyəti yaranır.
Onun sözlərinə görə, ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra qərar veriləcək: "Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak etmək şərtlərini dəyişə bilərik. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, onlar ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə sənəd verə bilərlər".
"Ölkə üzrə 535 nəfər 11-ci sinif şagirdinin şəxsiyyət vəsiqəsi yoxdur". Məleykə Abbaszadənin sözlərinə görə, həmin şagirdlər haqqında məlumat şagird-məzun sisteminə daxil edilməyib: "9-cu sinfə aid olan statistika isə daha qorxuludur. Qeyd olunan sinif üzrə 2048 nəfər haqqında məlumat şagird-məzun bazasına daxil edilməyib. Bunlardan 122 nəfəri Bərdə, 260 nəfəri Sabunçu, 108 nəfəri Qaradağ, 106 nəfəri Şəmkir, 125 nəfəri isə Suraxanı rayonunun payına düşür". M.Abbaszadə onu da əlavə edib ki, bu şagirdlərin sənədləri yoxdur, ona görə də onlar buraxılış imtahanına buraxılmayacaqlar. Komissiya sədrinin sözlərinə görə, ümumilikdə (9 və 11-ci siniflər üzrə) Sabunçu rayonu üzrə 272 nəfərin məlumatı daxil olmayıb ki, onların da 164-ü oğlan, 108-i qızdır: "Suraxanı rayonu üzrə 152 nəfərin sənədi daxil olmayıb, onlardan 115-i oğlan, 37-si qızdır. Bərədə rayonunda məlumat daxil olmayan 158 nəfərdən 50-si oğlan, 108-i qızdır. Şəmkirdən məlumat daxil olmayan 124 nəfərin 84-ü oğlan, 40-ı qızdır".
M.Abbaszadə vurğulayıb ki, əsasən Azərbaycanda yaşayan xarici vətəndaşlarla problem yaşanır: "Bunlardan da daha çox problem yaşanan Gürcüstan vətəndaşlarıdır. Həmin vətəndaşlar üçün Azərbaycanda 3 aylıq yaşamaqla bağlı sənəd almaq çox sadə prosedurdur. Hələ ki, sənəd almaq üçün vaxt var. İmtahan günü isə bu problem həll olunmayacaq. Valideynlər övladlarının sənəd problemini həll etməlidirlər. 2551 şagirdin taleyi qeyri-müəyyəndir. Yəni onlar haqqında şagird-məzun bazasında məlumat yoxdur".
"Bu il ali və orta ixtisas məktəblərinə I və IV ixtisas qrupu üzrə imtahan verən əvvəlki illərin məzunları olmuş abituriyentlərin imtahan nəticələri çox aşağıdır". Məleykə Abbaszadə bildirib ki, bu il I ixtisas qrupu üzrə imtahan vermiş əvvəlki illərin məzunu olmuş 12 997 abituriyentin 90%-i 150 baldan aşağı nəticə göstərib: "Bu qrupda abituriyentlərin yalnız 10%-i 150 baldan yüksək nəticə göstərə bilib. IV ixtisas qrupuna sənəd verən abituriyentlər arasında 2 cür kontingent var. Bir kontingent Azərbaycan Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digər kontingent isə yalnız idmançı olmaq istəyir. Bilirəm ki, onlar üçün də yalnız 100 bal toplamaq lazımdır".
TQDK sədri qeyd edib ki, IV qrup üzrə 4558 əvvəlki illərin məzunu olmuş abituriyent imtahan verib: "Onların 90%-nin göstərdiyi nəticə 100 baldan aşağıdır. Abituriyentlərin yalnız 10%-i 100 baldan yuxarı nəticə göstərib. Əvvəlki illərin məzunu olmuş abituriyentlər arasında 400, 500, 600 bal toplayan da olub. Orta rəqəmlər onu göstərir ki, imtahanda iştirak etmiş əvvəlki illərin məzunlarının 50%-i imtahanda 50 baldan aşağı nəticə göstərib".