Ömrü nəğmələrə köçən sənətkar Mədəniyyət

Ömrü nəğmələrə köçən sənətkar

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 76-cı ildönümü tamam olur.

AZƏRTAC ustad xanəndənin sənət yoluna qısa nəzər salır.

Onun sənət yolu toy və el şənliklərindən başlayıb. Adətən özünün yazdığı mahnıları oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. İfa etdiyi hər bir muğamda, oxuduğu hər bir mahnıda dinləyicinin ən incə tellərinə toxunmağı bacarıb. Səhnəyə qədəm qoyduğu ilk andan etibarən dinləyici sevgisi ilə əhatə olunan ustad sənətkar, bu sehrli bağları ömrünün sonunadək qoruyub saxlayıb.

Onun yaradıcılıq ömrünə işıq tutan, onu geniş dinləyici kütləsinə tanıdan tanınmış bəstəkar Ələkbər Tağıyev oldu. Musiqisi Ələkbər Tağıyevə, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” nəğməsi, eləcə də Sabir Rüstəmxanlı və Məmmədbağır Bağırzadənin sözlərinə bəstələnmiş “Bayram şamları” bu gün də neçə-neçə ifaçının səsində təzədən doğulur, yenidən nəfəs alır. Oqtay Kazımov, Nəriman Məmmədov və Tahir Əkbər kimi ustadların əsərləri onun bənzərsiz yozumunda əbədiləşib.

İstər ifa etdiyi muğam, təsnif və mahnılar, istərsə də özünün bəstələdiyi əsərlərlə milyonların sevimlisinə çevrilən Xalq artisti Məmmədbağır Bağırzadənin Azərbaycan musiqi sənətində özünəməxsus yeri var. Hansı janrda ifa etməsindən asılı olmayaraq onun özünəməxsus ifa üslubu və ürəyəyatan səsi həmişə tamaşaçı zövqünü oxşayıb. Cəmi 55 il ömür sürməyinə baxmayaraq parlaq istedadı və bənzərsiz ifa tərzi ilə seçilən istedadlı sənətkarın yazdığı və oxuduğu musiqi əsərləri zamana sığmır...