Əhməd İsmayılov: Azərbaycan həm ölkə daxilində, həm də ölkə xaricində medianın inkişafına böyük önəm verir Hadisə

Əhməd İsmayılov: Azərbaycan həm ölkə daxilində, həm də ölkə xaricində medianın inkişafına böyük önəm verir

Türk Dövlətləri Təşkilatının media və informasiya sahəsində əməkdaşlığı üzv ölkələri ortaq tarixi, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O, informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizə, eləcə də ümumtürk informasiya məkanının daha dayanıqlı və koordinasiyalı şəkildə qurulmasının bu əməkdaşlığın əsas hədəflərindən olduğunu vurğulayıb:

“Bugünkü toplantı türk dövlətlərinin bir daha birləşməsinə xidmət edir. Media əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli platformadır. Bu forumun Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm ölkə daxilində, həm də ölkə xaricində medianın inkişafına böyük önəm verir.
Bildiyiniz kimi, Azərbaycanda hər il Şuşa Qlobal Formu keçirilir. Bu forum beynəlxalq aləmdə inkişaf etməyimizə və əlaqələrimizi genişləndirməyə imkan yaradır. Bu forum da Türk Dövlətləri Təşkilatının ölkəmiz üçün mühüm inkişaf imkanları yaratdığını göstərir”.

Əhməd İsmayılov Azərbaycan tərəfinin qlobal media trendlərinin təhlili, media savadlılığının artırılması və strateji kommunikasiya üzrə birgə təşəbbüslərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.