
BAXCP İdarə Heyəti Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı və istifadəyə verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı və istifadəyə verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
"Əziz həmvətənlər,
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və istifadəyə verilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biridir.
İşğalçı Ermənistanı himayə edən və Bakı-Tiflis-Qars layihəsinin əvəzində Qars-Gümrü-Tiflis dəmir yolunun çəkilməsi tələbini israrla irəli sürən dairələrin bütün cəhdlərinə rəğmən 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyuldu.
Son 10 il ərzində regionda baş verən kataklizmlərə, silahlı qarşıdurmalara, saysız-hesabsız maneələrə baxmayaraq Bakı-Tiflis-Qars layihəsi Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və təbii ki, Gürcüstanın da iştirakı nəticəsində reallığa çevrildi. Bu hadisənin ən böyük tarixi anlamı iki qardaş dövləti – Azərbaycan və Türkiyəni birləşdirməsindədir. Bakı-Tiflis- Qars dəmir yol xətti Azərbaycan dövlətinin tarixi uğuru və gələcək nəsillərə töhfəsidir.
Ümid edirik ki, bu layihə davam etdiriləcək və biz yaxın gələcəkdə Naxçıvan-Qars dəmir yol xəttinin də açılışını da bayram edə biləcəyik.
Bu tarixi hadisə münasibətilə Sizi təbrik edir, firavan həyat, işıqlı gələcək arzulayırıq.
Yolumuz açıq olsun!"