“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31

Etibar Babayev- 75
Deyir ki:- “İçimdə yaşamaq, yaratmaq həvəsi, sabaha inam hələ sönməyib. Odur ki, həyatım eyni ritmdə davam edir. Yəni, həmişəki kimi, səhər erkən oyanıb işə, axşamlar da evə tələsirəm. Asudə vaxtlarımda isə nəvələrimlə gəzintiyə çıxmağı unutmuram. Geriyə baxmağı xoşlamıram, irəlidə ola biləcəklər barədə düşünməyə üstünlük verirəm, keçmişdə olanlara təəssüflənməyə adət etməmişəm. Bu hiss insanı bədbinləşdirir, bədguman edir. Əslinə baxsan, geridə qalan illərdə təəssüflənəsi elə bir ciddi şey yoxdur. Həyatda olanlar olur, amma izsiz-tozsuz keçmir. Ötən günləri hərdən yada salmaq lazımdır, yenidən yaşamaqsa mümkün deyil...”
...Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömürboyu həyatından zövq alan birisidir. Ehtiraslı bir enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Mərd, cəsarətli, cəsur və qətiyyətlidir. Elə bu xüsusiyyətlərinə görə də, bəzən təhlükəyə məruz qalır. Həmişə aktivdir və həmişə ağlında bir şey var. O, üstün cazibəsi ilə ətrafındakı insanlara təsir edə və onların arasında söz sahibi ola bilir. Qürurludur və xarici görünüşünə çox diqqət yetirir...
Əlbəttə ki, söhbət Əməkdar jurnalist, pedaqoq, Bakı Slavyan Universitetinin professoru Etibar Babayevdən gedir. O, 1950-ci il dekabrın 15-də Bakı şəhərində, şair-dramaturq Adil Babayevin ailəsində dünyaya gəlib. 1968-ci ildə Hüseyn Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. Sonradan politoloq ixtisası üzrə ikinci ali təhsilə indiki Dövlət İdarəçilik Akademiyasında yiyələnib. Etibar Babayev əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb...
...Dostlarını seçərkən irq və ya dini təbəqəyə görə ayrı-seçkilik etmir. Kimisə işə götürəndə o işi görüb-görə bilməyəcəyini nəzərə alır. Açıq danışmağı xoşlayır, lakin emosiyalarını göstərməkdən çəkinir. Kiminsə ona yazığı gəlməsinə nifrət edir. Daxil olduğu istənilən mühitdə insanların diqqətini asanlıqla özünə cəlb etməyi bacarır. Müstəqilliyini çox sevdiyi üçün sərbəst və azad davranır. İnsanlarla söhbət etməyi və onlarla yaxın münasibət qurmağı sevir. Fikirlərini bölüşməkdən heç vaxt qorxmur və son dərəcə cəsarətlidir. Mürəkkəb və demək olar ki, qeyri-mümkün problemləri necə həll edəcəyini yaxşı bilir...
Köhnə kişilərdəndir. Bir vaxtlar SSRİ-nin vətəndaşı olub. Necə deyərlər, Xuruşovu, Brejnevi, Andropovu və bir sıra sovet liderlərini yola salıb. 1975-1979-cu illərdə Azərbaycan SSR-nin Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri, 1979-1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı, 1981-1988-ci illərdə Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışıb. 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, AzTv-nin sədr müavini vəzifələrində çalışıb. 1993-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində müxtəlif məsul vəzifələr daşıyıb. 2001–2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub. 2013-cü ildən "Azad Azərbaycan" müstəqil teleradio şirkətinin Bədii Şurasının sədridir...
...Adətən bütün ictimai fəaliyyətini planlamağı xoşlayır. Rəngarəng və maraqlı şəxsiyyəti ilə ətrafdakıları tərəfindən tez sevilir. Arzuolunmaz, lazımsız yaxınlığı sevmir. Ancaq sevdiyi insana təsir etmək üçün əlindən gələni əsirgəmir. İnsanların xarici görkəminə aldanmır. Onun üçün daxili gözəllik həmişə vacibdir...
“Bakı Slavyan Universitetində jurnalistika fakültəsinin professoruyam. Tələbələrlə görüşmək, bilik və təşrübəmi onlarla bölüşmək mənim üçün çox maraqlı, gərəkli və əhəmiyyətlidir. Pedaqoji fəaliyyətimi həyatımın əhəmiyyətli mərhələsi hesab edirəm. Düşünürək ki, mən auditoriyada təkcə dərs demirəm, həm də zamanın nəbzini doğru tuta bilməyi gənclərdən öyrənirəm. Auditoriya ilə əlaqə qarşılıqlı qurulmalıdır. Xoşbətlikdən tələbələ-rimlə birlikdə buna nail ola bilmişik.”- söyləyir.
2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən jurnalistika kafedrasının müdiri seçilib. 2010-2013-cü illərdə AzTv-də yaradılan Teleradio Akademiyasında rektor olub. On kitabın, ona yaxın sənədli filmin müəllifidir...
...Bir sözlə, Etibar Babayev həyatın çətinliklərinə baxmayaraq, həmişə işıq və ümid axtarışında olub. Onun pozitivliyi ətrafdakılara da təsir edir və insanları ruhlandırır. Dostluqda və münasibətlərdə çox dürüstdür. Verdiyi sözün arxasında durmağı bacarır. Yalan və hiyləgərliyi sevmir. Əsas xüsusiyyətlərindən biri də azadlığa olan ehtiyacdır. O, öz ideyalarını sərbəst ifadə etmək və həyatını öz seçimilə yaşamağa üstünlük verir...
Dekabrın 15-i Etibar Babayevin 75 yaşı tamam olur. Onu təbrik edir, ağrı-acısız günlər, xoş ovqat, uzun ömür arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu