Rəqəmsal texnologiyalar yük və sərnişin daşımalarını necə optimallaşdırır? Hadisə

Rəqəmsal texnologiyalar yük və sərnişin daşımalarını necə optimallaşdırır?

Rəqəmsal texnologiyaların, xüsusilə GPS sistemləri və avtomatik nəqliyyat idarəetmə mexanizmlərinin tətbiqi yük və sərnişin daşımalarında şəffaflığın və səmərəliliyin artırılmasına xidmət edir.

Nəqliyyat eksperti Aslan Əsədov AZƏRTAC-a açıqlamasında bildirib ki, hazırda ölkəyə daxil olan tranzit yüklərin hamısına Dövlət Gömrük Komitəsi tərəfindən GPS qurğuları quraşdırılır. Hətta yerli yüklər də gömrük rəsmiləşdirilməsi mərhələsinə qədər GPS nəzarətinə cəlb olunur.

“Bu sistem vasitəsilə yükdaşıyan nəqliyyat vasitələrinin hərəkəti, marşrutu, dayanma nöqtələri və ölkəni tərk edənədək keçdiyi yol real vaxt rejimində izlənilir, GPS-lə müəyyən edilən marşrutdan kənara çıxmağa yol verilmir. Belə hallarda avtomatik olaraq cərimə mexanizmi işə düşür. Bu isə həm nəzarətin gücləndirilməsinə, həm də risklərin minimuma endirilməsinə imkan yaradır. Bu nəzarət sistemi yüksək risk qrupuna aid edilmir və daşımaların ümumi optimallığını qoruyub saxlayır. Bununla yanaşı, rəqəmsal həllər ölkə daxilində yükdaşımaların rentabelliyinin təmin olunmasında da mühüm rol oynayır. Gedən və gələn yüklərin düzgün planlaşdırılması, vaxt itkisinin və əlavə xərclərin azaldılması məhz bu texnologiyaların tətbiqi ilə mümkün olur”, - deyə ekspert qeyd edib.

Aslan Əsədov vurğulayıb ki, yükdaşıma şirkətləri və nəqliyyat vasitələrinin sahibləri artıq daşınan yüklərin təhlükəsizliyinə və səmərəli idarə olunmasına daha məsuliyyətlə yanaşırlar: “Ümumilikdə, rəqəmsal texnologiyaların nəqliyyat sektorunda tətbiqi logistika proseslərinin optimallaşdırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və daşımaların daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradır”.