Özbəkistanda xalqlar arasında dostluq daha da möhkəmlənir Hadisə

Özbəkistanda xalqlar arasında dostluq daha da möhkəmlənir

Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü, Millətlərarası Münasibətlər Komitəsinin təşkilatçılığı ilə “Qardaşlaşmış şəhərlərdə fəxri xalq diplomatlarının rolu və dostluq əlaqələri” mövzusunda keçirilən mədəni-maarif tədbirini yüksək qiymətləndiririk.

Bunu xalqcebhesi.az-a Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzi idarə heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov deyib.

O, qeyd edib ki, 9 May - Xatirə və Qiymətləndirmə Günü münasibətilə keçirilən bu tədbir xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Uzun illər millətlərarası münasibətlərin inkişafında, xalq diplomatiyasının möhkəmləndirilməsində, dostluq əlaqələrinin genişləndirilməsində xidmət etmiş fəxri xalq diplomatlarının xatirəsinin ehtiramla yad edilməsi xüsusilə təqdirəlayiqdir: "Tədbirin iştirakçısı kimi mən bir daha əmin oldum ki, Özbəkistanda müxtəlif millətlərin nümayəndələri arasında hökm sürən dostluq və qarşılıqlı etimad dövlət siyasətinin mühüm və uğurlu nəticəsidir. Belə görüşlər həm də gənc nəslin vətənpərvərlik, tolerantlıq, humanizm ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Tədbirin təşkilatçılarına səmimi təşəkkürümüzü bildirir, bütün iştirakçılara sülh, cansağlığı, xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişafını arzulayırıq".

Cavid