TAİB-in yeni sədri Dr. Asif Kurban seçilib Hadisə

TAİB-in yeni sədri Dr. Asif Kurban seçilib

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını vahid platforma altında birləşdirmək məqsədi ilə 2012-ci ildə yaradılmış Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) 2026–2029-cu illər üzrə növbəti Hesabat-Seçki Ümumi Yığıncağını İstanbul şəhərində keçirib.

2026-cı il aprelin 29-da Paşa Yatırım Bankının Baş İdarəsinin iclas zalında təşkil olunan Ümumi Yığıncaqda Birliyin əvvəlki dövr üzrə fəaliyyəti qiymətləndirilib, eyni zamanda, yeni dövr üçün idarəetmə orqanları formalaşdırılıb.

Yığıncaqda İdarə Heyətinin fəaliyyət hesabatı, Təftiş Komissiyasının hesabatı və maliyyə göstəriciləri iştirakçıların diqqətinə çatdırılaraq təsdiqlənib.

Daha sonra keçirilən seçkilərin nəticələrinə əsasən 2026–2029-cu illərdə fəaliyyət göstərəcək yeni İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. İdarə Heyətinə Dr. Asif Kurban, Mikayıl Yusifov, Vüqar Abdullah, vəkil Zenfira Əliyeva və Elşən Quliyev seçiliblər.

Yeni seçilmiş İdarə Heyətinin öz daxilində apardığı vəzifə bölgüsünə əsasən Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri vəzifəsinə Dr. Asif Kurban seçilib.

Yeni dövr üzrə vəzifə bölgüsü aşağıdakı kimi müəyyən edilib:

Sədr — Dr. Asif Kurban

Korporativ əlaqələr, media, QHT və dövlət qurumları ilə əlaqələr üzrə sədr müavini — Mikayıl Yusifov

Üzvlük məsələləri üzrə sədr müavini — Vüqar Abdullah

Hüquq, uyğunluq və Qadın Liderliyi Komissiyasının rəhbəri — vəkil Zenfira Əliyeva

Rəqəmsallaşma və Biznesin İnkişafı Komissiyasının rəhbəri — Elşən Quliyev

Ümumi Yığıncaqdan sonra çıxış edən TAİB-in sədri Dr. Asif Kurban ona göstərilən etimada görə üzvlərə təşəkkürünü bildirib. O qeyd edib ki, əsas məqsədləri Azərbaycan əsilli iş adamlarının ortaq platformasını daha da gücləndirmək, üzvlər arasında həmrəyliyi artırmaq və Birliyin fəaliyyətini daha effektiv səviyyəyə çatdırmaqdır.

Kurban vurğulayıb ki, üzvlərin mövcud bazar imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, kommersiya fəaliyyətinin inkişaf etdirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının dəstəklənməsi əsas prioritet istiqamətlər sırasındadır.

TAİB-in yalnız iqtisadi deyil, eyni zamanda strateji və mədəni missiya daşıdığını qeyd edən sədr bildirib ki, Birlik bundan sonra da Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına töhfə verməyə davam edəcək.

“Güclü iqtisadiyyat güclü dövlət deməkdir. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik” — deyə Dr. Asif Kurban bildirib.

2000-ci ildə yaradılmış Tural Group şirkətinin təsisçisi və rəhbəri olan Dr. Asif Kurban beynəlxalq ticarət sahəsində fəaliyyət göstərir. O, təhsilini İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində bakalavr və magistr pillələri üzrə başa vurub, 2007-ci ildə isə iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.

Çap olunmuş kitabın müəllifi olan Dr. Asif Kurban hazırda Azərbaycan İş Adamları Konfederasiyasının (ASK) Türkiyə nümayəndəliyinin rəhbəri vəzifəsini də icra edir.

Uzun illərdir ölkədaxili və beynəlxalq qeyri-hökumət təşkilatlarında fəal iştirak edən və rəhbər vəzifələrdə çalışan Dr. Asif Kurban xüsusilə Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın inkişafı və diaspora fəaliyyəti sahəsində gördüyü işlərlə tanınır.