Bu da müharibədir... Hadisə

Bu da müharibədir...

Arzu Şirinova

Elə bir gün olmur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə, eyni zamanda işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsi pozmasın. Dünən də belə məlumat verildi-Müdafiə Hazirliyi ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejiminin ümumilikdə 30 dəfə pozulduğunu açıqlayıb. Bir neçə gün əvvəl isə atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər oldu.
Ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər və eyni qayda, məzmunda bəyanat verdilər. Azərbaycan ictimaiyyətində bir daha əminlik yarandı ki,
keçirilən görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı irəliyə doğru hansısa bir addımın atılması üçün müvafiq imkan, şərait yaranmayıb. Səbəb isə sadədir- Ermənistan tərəfinin münaqişənin həllində hər zamankı kimi reallığı düzgün qiymətləndirməyərək, kiçik, cüllüt bir dövlət olsa da, imperialist iddialarından əl çəkməyərək konstruktiv mövqe tutmamasıdır. Digər tərəfdən, çox təəssüf ki, aparıcı dövlətlərin rəhbərləri İkinci Dünya Müharibəsindən sonra beynəlxalq hüquq anlayışını formalaşdırmalarına, müxtəlif sənədlər, konvensiyalar, müqavilələr qəbul etmələrinə baxmayaraq, həmin beynəlxalq hüquq norma və prinsiplərin həyata keçirilməsi üçün konkret addımlar atmırlar. Başda ABŞ olmaqla, Rusiya, Fransa və digərləri bu yöndə hansısa addım atmağı düşünmürlər. Yəni onlar burada konkret və ədalətli addım atmalı olduqları halda, bunu etmirlər. Bunu görən Ermənistan tərəfi də özünü çox rahat, arxayın aparır. İşğalçı dövlət təzyiq altında olmadığı, daha doğrusu, onun qarşısında konkret tələb qoyulmadığı üçün indi konstruktiv addım atmaqdan, işğal olunmuş əraziləri geriyə qaytarmaqdan imtina edir. Münaqişənin həllilə bağlı vasitəçilik missiyasını həyata keçirən dövlətlərin, onların həmsədrlərinin bu yöndə gətirdikləri bəhanələrdən heç biri əsaslı ola bilməz. Müxtəlif vaxtlarda, elə həmsədrlərin bölgəyə sonuncu səfərlərindən sonra da istər həmsədrlərin, istər müəyyən dairələrin həm bu görüşləri, danışıqları, həm də Ermənistan tərəfini konstruktiv xarakterli kimi təqdim etmələri insanda müəyyən fikirlərin yaranmasına gətirib çıxarır. Axı görəsən, Ermənistanı konstruktiv bir ölkə kimi dünyaya təqdim etməkdə məqsəd nədir? Ermənistan əslində, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal edib və bu gün də həmin torpaqları işğal altında saxlayır. Ermənistan həmin işğal olunmuş ərazilərdə daşı-daş üstündə belə qoymayıb. Bugünlərdə işğal altında olan Ağdam ətrafında yanğının törədilməsi buna bariz misaldır. Azərbaycanın 20 faiz ərazisinin talan olunmasına göz yuman həmsədrlərin də təmsil olunduqları dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin həllində konkret mövqe ortaya qoymaq istəmirlər. Əslində hər şey göz qabağındadır. Azərbaycanın tarixi əraziləri - Dağlıq Qarabağ və ona bitişik 7 rayon 20 ildən artıqdır ki, işğal altında qalır. Ancaq nə dünya birliyi, nə də həmsədr dövlətlər bununla bağlı konkret mövqe ortaya qoymur, işğalçını, təcavüzkarı öz mövqeyindən çəkindirmirlər. Sadəcə, belə bir mövqe ortaya qoyurlar ki, siz bu münaqişəni, ancaq sülh və danışıqlar yolu ilə həll etməlisiniz. Axı, bu sülh və danışıqlar yolu ilə Ermənistan tərəfi işğal olunmuş əraziləri geriyə qaytarmaq istəmirsə, o zaman bu münaqişəni həll etmək olarmı? Həmsədrlər bu məsələ ilə bağlı konkret mövqe bildirmək əvəzinə, yalnız özlərinin vasitəçilik missiyasını həyata keçirdiklərini dilə gətirirlərsə, o zaman bu münaqişənin həllindən danışmaq mümkündürmü? Həmsədrlər, əslində, vasitəçilik missiyasının mənasını düzgün yozmurlar. Vasitəçilik odur ki, müəyyən bir münaqişənin həllində ədalətli mövqe ortaya qoyasan və eyni zamanda, həmin konfliktin həllinə çalışasan. Yoxsa, əks təqdirdə, vasitəçiliyin heç bir mənası, mahiyyəti qalmır. Məhz belə olan halda, münaqişənin başqa müstəvidə həlli məsələsi gündəmə gəlir. Bu da müharibədir...