DTX-nın İstintaq təcridxanasına başçəkmə keçirilib Hadisə

DTX-nın İstintaq təcridxanasına başçəkmə keçirilib

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, rəftar məsələləri araşdırılıb, müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul edilib.
Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.
Fərdi qaydada dinlənilən zaman bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilib və aidiyyəti qurumlara müraciət olunacaq.
Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.