Ermənilər Qarabağda 260 min hektar meşəni məhv edir Hadisə

Ermənilər Qarabağda 260 min hektar meşəni məhv edir

"Azərbaycanda meşə örtüyü qeyri-bərabər paylanılıb. Meşə örtüyünün 39 faizi Böyük Qafqazda, 34 faizi Kiçik Qafqazda, 15 faizə yaxını Talış dağlarında, 2 faizi isə Aran düzündə yayılıb".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.
O, bildirib ki, yeni meşələrin salınması istiqamətində müvafiq tədbirlər aparılır: "Azərbaycan meşələri əhəmiyyətinə görə birinci qrup meşələrə aid edilib. Meşələrin yanğından mühafizə edilməsi üçün mühüm işlər aparılır. 650 hektar ərazidə eni 3 metr olan minerallaşmış zolaqlar çəkilir. Aparılan analizlər, rəqəmlər, təhlillər deməyə əsas verir ki, Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkədir. Meşələrin ilkin baxımdan tərkibi bunu təmin edir. Məlumdur ki, iynəyarpaqlı meşələrdə yanğın çox olur. Azərbaycan meşələrinin 1 faizi iynə yarpaqlı, qalanları isə enli yarpaqlıdır".
S.Abbasov qeyd edib ki, meşə yanğınlarının qarşısının tam alına bilinməməsinin səbəbi insan faktorudur: "Taxıl biçinindən sonra körşənlərin yandırılmamasını desək də, insanlar buna əməl etmirlər. Yanğınlar əsasən turistlərin, ovçuların, köçəri insanların məsuliyyətsizliyi səbəbindən baş verir. Tonqal qalayırlar, uşaqların əlinə kibrit verirlər və nəzarətsiz qoyurlar. Həmçinin yanğının söndürülməsində bizə həmişə rəsmi qurumlar kömək edir, yerli insanlar isə seyrçi mövqeyində qalırlar. Bu məsələyə ictimaiyyətin diqqətini çəkmək istəyərdik".
"İşğal altındakı Dağlıq Qarabağ ərazilərində Azərbaycanın iki təbiət qoruğu var"-deyən Söhrab Abbasov un sözlərinə görə, həmin qoruqlar Bəsutçay və Qaragöl qoruqlarıdır: "Qoruqlar 109 və 300 hektar əraziyə malikdir. Bəsutçay qoruğunda əsasən Xan çinarı ağaclarıdır".
S. Abbasov bildirib ki, bundan başqa, Dağlıq Qarabağda 260 min hektar meşə, Qazax, Goranboy, və Füzuli rayonlarının işğal altındakı ərazilərdə 4 min hektar meşə sahəsi qalıb: "Həmin meşələr ermənilər tərəfindən məhv edilir. Bu, Ermənistanda mebel sənayesinin inkişaf etməsindən bəllidir. Ermənistanın öz ərazilərinə qalsa, onların 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur".
Departament direktoru qeyd edib ki, Qazax və Goranboyda 3374 hektar dövlət meşə fondu torpaqları işğal altındadır.