İran məktəblərində türk dili tədris olunacaq Hadisə

İran məktəblərində türk dili tədris olunacaq

Bununla bağlı 142 deputatın imzaladığı qanun layihəsi parlamentə təqdim olunub

Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədri "məktəblərdə türk dilinin tədrisi" ilə bağlı hazırlanan layihə təklifinin parlamentin plenar iclasında müzakirəyə çıxarılacağını bildirib.
Bu barədə cümə günü "Təsnim" xəbər agentliyinə danışan millət vəkili layihənin gələn ay parlamentin gündəminə gətiriləcəyini deyib.
"Məktəblərdə türk dilinin tədris olunması bölgə əhalisi və yerli məsulların əsas tələblərindən biridir. Ona görə də bu məsələ öz həllini tapmalıdır. Hazırda ana dilinin tədrisi ilə bağlı layihə təklifi 142 deputat tərəfindən imzalanıb. Ümid edirəm ki, layihə parlamentdə müzakirə olunduqdan sonra qəbul olunacaq və məktəblərdə türk dilinin tədris olunmasına şahid olacayıq"- deyə o bildirib.
Südeyif Bədri Ərdəbilin imam cüməsinin də bu plana dəstək verdiyini açıqlayıb. "İmam cümə məktəblərdə türk dili və ədəbiyyatının tədris olunması üçün əlindən gələni edir. Biz də bu layihənin həyata keçirilməsinə çalışırıq. Türk dili bizim üçün çox böyük əhəmiyyət kəsb edir, ümid edirəm ki, növbəti dərs ilində məktəblərdə ana dilimiz tədris olunacaq"- deyə o vurğulayıb.