“Yazıçılar mənim işimdən narazı deyillər” Hadisə

“Yazıçılar mənim işimdən narazı deyillər”

Anar: "Azərbaycanda Anar səviyyəsində də, Anardan yüksək səviyyəli də yazıçı var"

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin (AYB) dünən keçirilən qurultayında sədr seçiləndən sonra mətbuata ilk açıqlamasını verib.
APA-nın məlumatında görə, Anar bildirib ki, qurultayda yazıçılar tərəfindən səsləndirilən təklifləri qəbul ediblər və yerinə yetirilməsi üçün birlik tərəfindən səy göstəriləcək: "Həmin təkliflərin içində elələri var ki, onlar Yazıçılar Birliyinin planında çoxdan var və həmin məsələlərin həll olunması bizim diqqətimizdədir. Hər halda, bu işləri həyata keçirmək üçün müəyyən vaxt lazımdır".
Qurultayda alternativ namizədin qeydə alınmadığına münasibət bildirən birlik sədri qeyd edib ki, bu, Azərbaycanda onun səviyyəsində yazıçının olmadığı mənasına gəlmir: "Qətiyyən elə başa düşülməsin ki, Azərbaycanda mənim səviyyəmdə yazıçı yoxdur. Azərbaycanda Anar səviyyəsində də, Anardan yüksək səviyyəli də yazıçı var. İndi iş elə gətirib ki, mən 27 ildir bu birliyin sədriyəm. Azərbaycanda qəribə bir şey var: bəzən insanı günahlandırırlar ki, niyə sənin çox yaşın var? Niyə hələ ölməmisən, sağsan? İkincisi də, deyirlər, bu qədər yaxşı işləmisən, bəsdir. Niyə, nəyə görə bəsdir? Əgər yaxşı işləmişəmsə və dörd qurultayda yekdilliklə sədr seçilmişəmsə, demək, yazıçılar mənim işimdən narazı deyillər. Mən də çalışacağam, onların etimadını doğruldum".