Müdafiə naziri cəbhədəki vəziyyətdən danışıb Hadisə

Müdafiə naziri cəbhədəki vəziyyətdən danışıb

Zakir Həsənov: "Ermənistan kəşfiyyat-diversiya qruplarının mövqelərimizə basqın cəhdlərinin qarşısı alınır, düşmən itkilər verir"

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının buraxılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, buraxılış mərasimində AAHM, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, habelə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.
Mərasim AAHM-in döyüş bayrağının sıra meydanına gətirilməsi və Azərbaycanın dövlət himninin oxunuşu ilə başlayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qeyd edib ki, bu gün Silahlı Qüvvələrin tarixində əlamətdar gündür: "Bu gün ordu quruculuğu dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Hərbi büdcəmiz ilbəil artır, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır".
Nazir qeyd edib ki, prezidentin "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!" bəyanatı Silahlı Qüvvələrin devizidir.
"Düşmən bugünkü reallıqla, güc-qüvvə balansı ilə razılaşmalıdır. Atəşkəsdən 20 il keçməsinə baxmayaraq, cəbhədə atəşkəs pozulur. Postlarımız, yaşayış məntəqələrimiz atəşə tutulur. Ermənistan kəşfiyyat-diversiya qrupları mövqelərimizə basqın eləmək istəyir, onların cəhdləri əsgərlərimiz tərəfindən əvvəlcədən aşkarlanır və tədbirlər görülür. Düşmən itkilər verir", - deyə Z. Həsənov vurğulayıb.
Nazir məzunlara tövsiyələrini də verib: "Xalqımıza, millətimizə, dövlətimizə şərəflə xidmət etməlisiniz. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs borcu var: erməni işğalında olan torpaqlarımızı azad etmək. Bunu edəcəyik!"