Şiə-sünni parçalanması yaradanlara xəbərdarlıq Hadisə

Şiə-sünni parçalanması yaradanlara xəbərdarlıq

QMİ sədri Suriya və İraqda sünni-şiə mübarizəsi adı altında döyüşənlərlə bağlı din xadimlərinə müraciət edib

"Bəzi dövlətlər, onlara xidmət edən qüvvələr var ki, Azərbaycanı dini zəmində parçalamaq istəyirlər".
APA-nın məlumatına görə, bunu dindarlarla görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, həmin qüvvələr Azərbaycanı iqtisadi, siyasi cəhətdən bölmək istəyirlər ki, burada əsas diqqəti dini zəminə yönəltməyə çalışırlar: "Bu qüvvələr indi aktiv olaraq mövcuddur".
A. Paşazadənin fikrincə, bu gün bəzi insanlar var ki, həqiqi islamı inkişaf elətdirmək istəmirlər: "Bir qrup insanlar islam adı ilə elə işlər görürlər ki, bəzi Avropa ölkələri də bunda iştirak edərək islama ləkə gətirmək istəyirlər. İslamı terror dini kimi təqdim edib ona qarşı mübarizə aparmağa hazırlaşırlar. Bunun fonunda bizim borcumuz dövlətçiliyimizi, dini vahidliyimizi, tolerantlığımızı qorumaqdır. Azərbaycan prezidentinin çox uğurlu siyasəti var. Ona sığınıb qorunmalıyıq".
Allahşükür Paşazadə Azərbaycandan Suriyaya, İraqa gedib döyüşənlər və bundan ilhamlanaraq İslamda sünni-şiə ədavəti salanlarla bağlı dindarlara müraciət edib.
QMİ sədri bildirib ki, bu gün Azərbaycanda İraq və Suriyada müxtəlif din adı altında qruplaşmalarda gedib döyüşən gənclərin sayı çoxalıb: "Bu məsələdə din xadimləri də məsuliyyət daşıyır".
Şeyx qeyd edib ki, bu gün gənc azərbaycanlıların bu yola düşməsində hamının, o cümlədən din xadimlərinin də üzərinə böyük iş düşür: "Mən bütün Azərbaycan dindarlarına üz tutaraq deyirəm ki, baxaq görək biz harada boşluq buraxmışıq ki, ondan istifadə edib gənclərimizi bu yola çəkirlər. Bu çox təhlükəli oyundur. Siz məscidlərdə, moizələrinizdə, insanlar arasında apardığınız söhbətlərdə elə etməlisiniz ki, gənclərimiz hansısa qüvvələrin təsirinə düşməsin. Həqiqi İslamı gənclərimizə düzgün aşılamaq lazımdır".
Şeyx bildirib ki, bütün hallarda bunun qarşısı alınmalıdır: "Mən 35 ildir ki, Qafqazın Şeyxülislamıyam. İndiyə qədər şiə-sünni ədavətinə yol verməmişəm. Allahın köməkliyi ilə bundan sonra da yol verməyəcəyəm. Bu işdə siz dindarlar da fəal olmalısınız".
QMİ sədri Ramazan ayında dini ayinlərin icrasından istifadə edərək parçalanma yaratmaq istəyənlərə ciddi xəbərdarlıq edib. O bildirib ki, Ramazan ayında sünni və şiələr eyni vaxtda iftar açacaq, sünni və şiə məscidlərində azanlar eyni vaxtda veriləcək, moizələr eyni qaydada oxunacaq.
Şeyx bundan sui-istifadə edib qarışıqlıq yaratmaq istəyənlərə xəbərdarlıq edərək bildirib ki, hər şey QMİ-nin nəzarətindədir: "Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada olacaq".