“Ruh” Jurnalistlərin müdafiəsi İB Şabranda “dəyirmi masa” təşkil edib Hadisə

“Ruh” Jurnalistlərin müdafiəsi İB Şabranda “dəyirmi masa” təşkil edib

Təşkilat QHT Şurasının dəstəyi ilə keçirdiyi layihə çərçivəsindəki tədbirlərini başa vurub

"Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması" layihəsi çərçivəsindəki sonuncu tədbir Şabran rayonunda keçirilib. Şəhərin Heydər Əliyev Mərkəzində baş tutmuş toplantını giriş sözü ilə Şabran Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Şahmərdanov açıb. O, müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayaraq bildirib ki, elektron media və sosial şəbəkələr həyatımızın bütün sahələrinə təsir göstərməkdədir. Bu təsirin müsbət və mənfi tərəfləri var. "Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin, eləcə də digər qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlər məhz bunlara aydınlıq gətirilməsi, mövcud istiqamətdə ictimai müzakirələrin təşkili baxımından əhəmiyyətlidir.
"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, 3 ay müddətində reallaşdırılmış layihə çərçivəsində indiyədək Tovuz, Balakən və Masallı rayonlarında "dəyirmi masa"lar təşkil edilib. Şabran rayonundakı toplantı sayca dördüncü – sonuncudur. "Azərbaycanda internetin inkişafı bu sahəyə yanaşmanın da dəyişməsini zəruriləşdirməkdədir. Layihəmiz əsasən bununla bağlıdır. Azərbaycan dövləti prosesdə ciddi şəkildə maraqlıdır. Ona görə də belə layihələr maliyyələşdirilməkdədir. Məqsəd ondan ibarətdir ki, internet üzərindən fəaliyyət göstərən sosial şəbəkələrdə, o cümlədən internet informasiya resurslarında milli-mənəvi dəyərlər qorunsun, hansısa hüquqi məsuliyyət yükü daşıyan xoşagəlməz məqamlar aradan qaldırılsın. Təbii ki, bu sahədə qanunvericilik də təkmilləşdirilməkdədir. Xüsusən də son illər biz ciddi dəyişikliklərin şahidi oluruq. Bəzi qanunlara əlavələr edilir. Amma ümumən demək olmaz ki, internet məkan hüquqi münasibətlər sistemində tam oturuşmuş mövqeyə malikdir. Heç də hər şeyi qanunla tənzimləmək praktikası effektiv nəticələr vermir. Buna görə də maarifləndirici tədbirlər təşkil olunur. Təşkilatımız belə tədbirlərdən birini Şabranda keçirir. İnanırıq ki, siz Şabran ictimaiyyətinin nümayəndələri olaraq mövzu ətrafında fikirlərinizi bildirəcək, sizi düşündürən məsələləri bölüşəcəksiniz. İctimai müzakirələrin aparılması həm də ona görə vacibdir ki, biz problemləri görək, qruplaşdıraq və öz hesabatımıza əlavə edərək donor təşkilata çatdıraq", - deyən Ə.Rüstəmov onu da vurğulayıb ki, Azərbaycan qanunvericiliyi sosial şəbəkələrdə təhqir və böhtanların, yalan məlumatların yayılmasına, saxta adlarla bu və ya digər xoşagəlməz fəaliyyətin gerçəkləşdirilməsinə qarşı məsuliyyət nəzərdə tutub.
Layihənin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi" İB-nin sədri Seymur Verdizadə Azərbaycanda elektron medianın və sosial şəbəkələrin vəziyyəti, bu məkanda müzakirə edilən mövzuların spesifikası, informasiya təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı baxımından mənfi meyllər barədə ətraflı məlumat verib, təcrübəsini bölüşüb. O bildirib ki, Azərbaycan əhalisinin sosial şəbəkələrdən istifadə faizi artmaqdadır. "Bu artım hər zamanmı pozitiv nəticələr verir? Təbii ki yox. Gözə daha çox neqativ cəhətlər dəyir. Görürük ki, kimlərsə digərinin hüquq və azadlıqlarına hörmətsiz yanaşır. Halbuki sosial şəbəkələr klassik anlayışda söz və ifadə azadlığının təmin olunması istiqamətində mühüm vasitədir. Elə edilməlidir ki, bu azadlıq kiminsə hüququnu məhdudlaşdırmasın", - deyən Seymur Verdizadə vurğulayıb ki, hazırda sosial şəbəkələr media orqanlarının materiallarının mühüm yayılma arealıdır. Ekspert bu məqama diqqət çəkərək Gəncə terroru və şəhərdə iğtişaş yaratmaq cəhdlərinin sosial şəbəkələrdən idarə olunması məsələlərindən söz açıb. Bu kimi hallara münasibətdə cəmiyyətin səfərbəredici reaksiyasının zəruriliyini əsaslandırıb.
Ekspert Teyyub Mirqasımov çıxışında sosial şəbəkələrin imkanlarından sui-istifadə meylləri barədə geniş məlumat verib. Xüsusən bildirib ki, ayrı-ayrı şəxslər və maraqlı qruplar saxta adlardan istifadə edirlər ki, bu da qanunla qadağandır. Digər çıxış edənlər "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması" layihəsinin əhəmiyyətinə toxunaraq təcrübədə rastlaşdıqları bir sıra məqamlar barədə məlumat veriblər. "Dəyirmi masa" qarşılıqlı müzakirələr şəraitində davam edib.