Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib Hadisə

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədəməlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Komissiya üzvləri ilk olaraq "Altes" Şirkətlər Qrupunun"1 news.az"İnformasiya Agentliyində şirkət barədə dərc edilmiş yazılarla bağlı şikayətini araşdırıblar.Şirkət təmsilçisi saytda yayımlanmış tənqidi yazılarda balans prinsipinin pozulduğunu, şirkətin mövqeyinin işıqlandırılmadığını bildirib."1 news.az" təmsilçisi isə şirkətin mövqeyinin öyrənilməsi üçün müraciət etdiyini, lakin material hazırlanan anda lazımi rəyi ala bilmədiyini bildirib. Tərəflər şirkətin mövqeyini dərc etmək barədə razılığa gəliblər.
Müzakirəyə çıxarılan ikinci məsələ "Keşlə Futbol Klubu" PFK-nın "futbolinfo.az" və "futbolpress.az" saytlarına qarşı şikayəti olub. PFK Müşahidə Şurasının şikayəti qeyd edilən saytlarda yayımlanan tənqidi materiallarda "qarşı tərəfin mövqeyinin dərc edilməməsi", "PFK Müşahidə Şurası sədrinin işgüzar nüfuzuna xələl gətirilməsi" olub. Məsələnin müzakirəsi zamanı müəyyən edilib ki, "futbolinfo.az" və "futbolpress.az" saytlarında yayımlanan və şikayət doğurmuş yazılarda "işgüzar nüfuza xələl gətirilməsi" hallarına yol verilməsi barədə iddialar təsdiqini tapmır. Balans prinsipinin pozulması halları mövcuddur ki, bunun aradan qaldırılması üçün sayt təmsilçilərinə tövsiyyələr verilib. "Keşlə Futbol Klubu" PFK-ya isə media ilə əlaqələrində daha açıq olmaq, operativliyi artırmaq üçün daha müasir vasitləri tətbiq etmək tövsiyyə edilib.
Zərdab rayon sakini N.Səmədovanın jurnalist B.Eminliyə qarşı şikayətini araşdıran Komissiya müəyyən edib ki, tərəflər arasında mübahisə doğuran məsələyə baxılması Mətbuat Şurasının funksiyalarına aid deyil. Tərəflərə tövsiyyə edilib ki, uyğun qurumlara müraciət etsinlər.