Azərbaycanda dənizçilik mövzusuna həsr olunan ilk sərgi açılıb Hadisə

Azərbaycanda dənizçilik mövzusuna həsr olunan ilk sərgi açılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin təşkilatçılığı ilə dənizçilik mövzusuna həsr olunan ilk sərgi açılıb.
Muzey Mərkəzinin Sərgi Qalereyasında açılış mərasimi keçirilən sərgidə 100-dən çox təsviri incəsənət (rəngkarlıq, qrafika, heykəltəraşlıq) əsəri yer alıb. Oktyabrın 7-dək davam edəcək sərgidə nümayiş olunan işlər "Gəmiçilik – 160 il", "Mənim Xəzərim", "Dəniz cəsurları sevir" mövzularına həsr olunub. Belə ki, təsviri incəsənət nümunələrində Xəzər dənizçilərinin çətin və spesifik əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi, Xəzərin əlverişli su yolu olması, zəngin təbii sərvəti, gözəl mənzərələri, biomüxtəlifliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə və beynəlxalq sulardakı fəaliyyəti, dənizçilik sahəsində xüsusi əməyi olan nüfuzlu şəxsiyyətlər kimi müxtəlif mövzular əksini tapıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov müsabiqə-sərgiyə təqdim olunan əsərlərdən danışıb. Bildirib ki, gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənir. O, əsərlərin məzmun baxımından düzgün seçildiyini, rəssamların dəniz və dənizçiliyə olan marağının hər bir işdə ifadə olunduğunu vurğulayıb.
Təşkilatçılara minnətdarlıq edən xalq rəssamı bildirib ki, mədəniyyətimizin inkişafı və təbliği baxımından sərgi olduqca böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, 160 illik tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi belə bir vacib layihəni gerçəkləşdirib. Bu, onu göstərir ki, gəmiçilik tarixi ənənələrimizə hörmətlə yanaşır və sadiqlik nümayiş etdirir.
Daha sonra çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev sərginin keçirilməsi ideyasının yaranmasından danışıb. Bildirib ki, əsas məqsəd gənclərə dəstək olmaq, onların əl işləri ilə ictimaiyyəti yaxından tanış etməkdir: "Xalqımızın ümummilli lideri Heydər Əliyev insan kapitalını ən böyük milli sərvət hesab edirdi. Vətəndaşların bütün sahələrdə hərtərəfli inkişafı onun diqqət və marağında idi. Bu baxımdan Heydər Əliyev mədəniyyət sahəsini də heç vaxt unutmurdu. Tez-tez bu sahədə fəaliyyət göstərən şəxslərlə görüşür, onların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün əlindən gələni edirdi. Bu gün Prezident İlham Əliyev də ölkə mədəniyyətinin, incəsənətinin təbliğinə xüsusi önəm verir. Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə də bu istiqamətdə ciddi işlər həyata keçirilir. Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində mədəni tədbirlər, sərgilər, konsert proqramları təşkil olunur".
R.Vəliyev qeyd edib ki, bu gün Azərbaycanda gənclərin istedadının üzə çıxarılması və onların inkişafı üçün hər cür şərait yaradılıb. Biz də 160 illik yubileyini qeyd edən bir gəmiçilik şirkəti olaraq yaradıcı gənclərə dəstək olmağı özümüzə mənəvi borc bilirik.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov isə çıxışında təşkil olunan sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dəniz və dənizçilik mövzusunda gənc rəssamlar arasında keçirilən müsabiqə-sərgi təkcə istedadlı gənclərin dəstəklənməsi baxımından deyil, həm də bu sahəyə ictimaiyyətin marağının artırılması üçün olduqca önəmlidir.
Çıxışlardan sonra sərginin açılışını bildirən qırmızı lent kəsilib və tədbir iştirakçıları əsərlərlə tanışlığa dəvət olunub. Sərginin tərtibatı, nümayiş olunan təsviri incəsənət nümunələri qonaqlarda xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər.
Sərgi iştirakçısı olan rəssamlara sertifikat təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi çərçivəsində keçirdiyi təsviri incəsənət müsabiqəsinə böyük maraq olub. Respublikamızın ayrı-ayrı şəhər və rayonlarından, xarici ölkələrdən ümumilikdə 100-dən çox əsər təqdim edilib. Onlardan 89-u şərtlərə uyğun gələrək müsabiqədə iştirak hüququ qazanıb.
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, ADRA-nın prorektoru, Xalq rəssamı Fuad Salayev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Səlhab Məmmədov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri Xanlar Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, ARİ-nin qrafika bölməsinin sədri, Əməkdar rəssam Həmzə Abdullayev, "AXDG" QSC-nin sədr müavini Fərhad Quliyev və "AXDG" QSC-nin departament rəisi, Əməkdar jurnalist Mehman Mehdiyev ən yaxşı əsərləri müəyyən ediblər.
Həmin əsərlər "AXDG" QSC-nin rəsmi facebook səhifəsi üzərindən sentyabrın 1-dən 15-nə kimi açıq səsverməyə də çıxarılıb və "Facebook" səsverməsinin qalibləri də müəyyənləşib.
Onu da əlavə edək ki, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət kataloq çap olunub.