Hansı bacarıqlarına görə? Hadisə

Hansı bacarıqlarına görə?

Arzu Şirinova

Kim deyər, televiziyalazda müxtəlif adda verilişlər aparanlara hansı bacarıqlarına görə, bu cür məsuliyyətli iş həvalə olunur? Həyi deyirsiniz deyin, bir onu deməyin ki, savadlarına və danışıq qabiliyyətlərinə görə. Çünki bunların heç biri əksəriyyətində yoxdur. Deməli, qalır digər yollar-kiminsə adamı, kiminsə qohumu, kiminsə tanışı və yaxud gözəl görünüşü. Sonuncu təbii ki, şərtlərdən biridir televiziya aparıcıları üçün. Ancaq əsas şərt deyil. Əsas şərt aparıcının mövzu ilə bağlı məlumatlı olması, dünyagörüşü, təmkinliliyi, danışıq qabiliyyəti, insanlarla ünsiyyət qurmaq bacarığı, müsahibinə sayğı ilə yanaşması və nəhayət, biliyi və savadıdır.
Yazıya başlayanda özümə söz vermişdim ki, kiməsə tərif və kimisə tənqid etməyəcəm. Ona görə də tərifə layiq televiziya jurnalistlərimizi, aparıcılarımızı siz də, mən yaxşı tanıyırıq. Ən azından kimin hansı yolu necə keçdiyini və haralardan gəldiyini bilirik. Yalnız televiziyaların adlarını hallandırmaq fikrim var ki, bu da qaçılmazdır...
Hansı yollarlasa televiziyalarda özlərinə yer edənlər-bunları jurnalist adlandırmağa dilim gəlmir-elə özlərinə layiq də ekspertləri verilişlərinə dəvət edirlər. Məsələn, Sumqayıt və Sumqayıt ətrafında, bəlkə də yaxın bir neçə rayonlarda, yayımlanan Dünya Televiziyasında ekspert kimi dəvət olunan şair efir mədəniyyətindən dərs keçir və deyir: "Əvvəllər belə şeylər yox idi. Televiziyalara müsabiqələr yolu ilə gəlmək olardı? Həmin müsabiqələr də kimlərin nəzərəti altında keçirdi, bunu ən yaxşı bizim nəsil bilir. İndi isə aparıcı özünü elə günə qoyub efirə çıxır ki, adamın onun üzünə baxmağı gəlmir. Həm də efirdə elə ifadələr işlədir ki, adam xəcalət çəkir. Bilirlər ki, tamaşaçılar onların verilişlərini izləyəndə "kül başınıza" deyib, kanalı dəyişirlər" Hətta bir çoxu da sənin "var-yoxuna", deməkdən özlərini güclə saxlayırlar" Bilmirlərsə bilsinlər. Mən ümid edirəm ki, bu yarışa qoşulanlar bizim kimi təcrübəli ekspertlərin məsləhətlərinə qulaq asıb, gələcəkdə televiziyalara işə qəbul olunan zaman bu məsləhətlərə əməl edəcəklər".
Bəli, şair ekspertin gənc oğlan və qızlara etdiyi tövsiyyələrdi. Bu jarqonlardan kimsə bir-birilə danışanda belə özünə rəva görmür ki, istifadə eləsin. Təbii ki, mən mədəniyyətli və səviyyəli adamları nəzərdə tuturam.
ATV-də yayımlanan verilişlərin birində qadınlarla kişilər üz-üzə qoyulur və hər dəfə də fərqli mövzular müzakirə olunur. Bu dəfə hansı mövzunun müzakirə olunduğunu dəqiq bilməsəm də, hər halda müzakirələr zamanı qadınların geyimindən söhbət getdiyini anladım. Xanım aparıcı kişilərə sual verir:"Siz kişilər toy məclisinə təşrif buyuranda qadınların hansı hissəsinə diqqət yetirirsiniz?"
Xanım aparıcı sualına təəccüblənən əks cinsin nümayəndəsi olan aparıcıya tərs-tərs baxır:"Hə var burda təəccüblənməli. Məni maraqlandıpan suala cavab istəyirəm". Və sualını bir də təkrarlayır. Elə həmin verilişdə 60 yaşlarında kişi-ağsaqqal demirəm, çünki ağsaqqallarımız heç vaxt özlərini bu səviyyəyə çatdırmazlar-nəvəsi yaşında qıza irad tutur ki, "niyə qısa geyinmisən və bu geyimə görə səni bir köpək oğlu almaz". Həmin qız da onun bu sözləpinin səviyyəsinə enib ağzından çıxanı 60 yaşlı kişiyə söyləyir.
Gəlin fikirləşək, bu verilişlər bizə lazımdırmı? Deyəcəyik ki, xeyir. Çünki bizlər bu sayaq verilişlərdən yaxşı heç nə götürmürük. Əksinə, əsəblərimiz və zövqümüz korlanır. Bəs o zaman bu verilişlərə niyə baxırıq? Bu dəfə deyəcəyik ki, yaxşı verilişlər verilmir və məcbur olub belə verilişlərə baxırıq. Səhvimiz var, yaxşı verilişlər verilir. Bizlər onlara baxmadığımız üçün həmin verilişlərin reytinqi düşür və bir müddətdən sonra efirlərdən yığışdırılır. Və biz səviyyəsiz verilişlərlə baş-başa qalırıq. Deməli günahkar bizik ki, səviyyəsiz verilişlərə baxıb onlara reytinq qazandırırıq. Bizim bu gün hamılıqla qazandırdığımız reytinqli verilişlərin səpdikləri toxumlar sabah cücərib meyvə olacaq və gələcəyimizi zəhərləyəcək.