Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb Hadisə

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb

Tural

İyulun 15-də Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb. Təhsil Nazirliyinin məlumatına görə, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17 962 nəfər ərizə verib. Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq ərizə qeydə alınıb.
Ərizələrin təsdiqlənməsi prosesi 17 iyul 2014-cü il tarixində başa çatdıqdan sonra 18 iyul 2014-cü il tarixində imtahan qrupları formalaşdırılacaq. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları iyulun 21-də başlanacaq və bir həftə davam edəcək. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndəriləcək. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçiriləcək. İmtahanın gedişinə video-nəzarət ediləcək.
Test imtahanının nəticəsinə görə, seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul tarixindən müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının "Müəllimlərin işə qəbulu" səhifəsində yerləşdiriləcək.