“Prezidentin söylədiyi fikirlər gənclər üçün önəmli mesajdır“ Hadisə

“Prezidentin söylədiyi fikirlər gənclər üçün önəmli mesajdır“

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu siyasət heç şübhəsiz gənclərin inkişafına, onların cəmiyyətdəki rolu istiqamətində mühim addımdır". Bunu Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Lalə Mehdiyeva deyib.
AGAT sədrinin sözlərinə görə, ölkə başçısının siyasəti nəticəsində həyata keçirilən sərəncamlar, dövlət proqramları sırf dövlətçiliyimizə sadiq, vətənpərvər, yüksək intellek sahibi, dünyagörüşlü gənclərin yetişməsinə gətirib çıxarır: "Dövlət başçısı İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət, onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalaması nəinki gənclərə eyni zamanda xalqımızın bütün təbəqələrinə qarşı qayğının bariz nümunəsidir.
Bu gün Azərbaycanda bir gəncinin uğurlu gələcəyi üçün hər bir şərait vardır. Bu ona əsas verir ki, Azərbaycan gənci nəinki ölkə hüdudlarında, hətta ölkə hüdudlarından kənarda da ölkəmizi təmsil edə bilər və öz fikirlərini azad şəkildə ifadə edə bilər. Buna görə də gənclər onlara verilən bu etimada böyük məsuliyyətlə yanaşmalıdır. Ümumiyyətlə cənab Prezidentin söylədiyi bütün fikirlər gənclər üçün önəmli bir mesajdır və əsl Azərbaycanlı bu dəyərlərə sadiq olmalıdır.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) bugünə kimi hər zaman öz fəaliyyətində dövlət müstəqilliyimizi, milli mənəvi dəyərlərimizi hər zaman üstün tutub. Bundan sonra da bu meyarları əsas tutaraq gənclərin ictimai fəaliyyətinin daha da artması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin beynəxalq tribunalarda haqq səsinin çatdırılması, gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam edəcəkdir".