Mehriban Əliyeva haqqında kitab təqdim olunub Hadisə

Mehriban Əliyeva haqqında kitab təqdim olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş "Mehriban Əliyeva. Tərəqqi və Yüksəliş yolları ilə" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Mehriban Əliyeva ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə nümunə olub.
Onun sözlərinə görə, təqdimatı keçirilən iki cildlik kitab Mehriban Əliyevanın xeyirxah əməllərindən, ölkəmizin inkişafında müstəsna rolundan bəhs edir: "Kitabda sənədli faktlara əsaslanaraq, Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti kimi əsas fəaliyyət istiqamətləri geniş əks olunub. Kitab həmçinin müasir dövrün möhtəşəm qadınının unikal, kreativ, yorulmaz işini qarşımızda canlandırır. Eyni zamanda kitabda Fondun və Mehriban xanımın təşkilatçılığı və dəstəyi ilə ölkədə keçirilən beynəlxalq, sosial, təhsil, səhiyyə sahələrində reallaşan çoxşaxəli tədbirlər haqqında ətraflı məlumat verilib".
Baş nazirin müavini Elçin Əfəndiyev isə kitabda Mehriban Əliyevanın maarifçilik və xeyriyyəçilik fəaliyyətinin geniş şəkildə əks olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda həyata keçirilən yüzlərlə uğurlu layihə məhz Mehriban Əliyevanın qayğıkeş və xeyirxah fəaliyyətinin nəticəsidir: "Artıq bu işlər beynəlxalq əhəmiyyət daşıyır. Mehriban Əliyevanın şəxsi fəaliyyətindəki bu xüsusiyyətlər Dağlıq Qarabağ probleminin həllində də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Mehriban Əliyevanın beynəlxalq miqyasda həyata keçirdiyi tədbirləri qeyd etmək lazımdır. Onun fəaliyyətində milli və bəşəri dəyərlərə ehtiramın şahidi oluruq. Azərbaycanda musiqi, mədəniyyət, elm və səhiyyə sahələrinin inkişafındakı Mehriban Əliyevanın xidmətləri misilsizdir".
AMEA prezidenti Akif Əlizadə isə çıxışında qeyd edib ki, Mehriban Əliyeva beynəlxalq aləmdə humanist fikirləri, xeyriyyəçilik fəaliyyəti ilə dünyanın bəzi xeyriyyəçi insanları ilə müqayisə olunur. Onun sosial, xüsusilə təhsilə dəstək layihələri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində həyata keçirilir.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyeva, millət vəkili Rəfael Hüseynov, kitabın müəllifi, millət vəkili Aqiyə Naxçıvanlı nəşrin əhəmiyyətini vurğulayaraq, Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti, təhsil və səhiyyəsinin inkişafındakı xidmətlərini qeyd ediblər.