
Nazir Quliyev: "İnternatları bitirənlərin böyük əksəriyyəti küçə həyatı keçirir"
Kəmalə Ağayeva: "Bu sahədə əsas iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəsinə düşür"
Mehriban Zeynalova: "Onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur"
Uşaq ailədə böyüyür. Valideynin də Allah və dövlət qarşısındakı borcu onun qayğısına qalmaqdır. Amma borcundan qaçan valideynlər də az deyil. Heç kimi olmayan, bir çox hallarda küçədə tərk edilmiş körpələr uşaq evlərində qalmalı olur və 16, 18 yaşlarına çatdıqdan sonra oranı tərk edirlər. Qanunvericiliyə əsasən, uşaq evləri və internatlarda 18 yaşına çatmış uşaqların saxlanılması qadağandır. Üstəlik, orada bu yaşa yaxınlaşan uşaqların sayı minimuma endirilməlidir. Bununla yanaşı, ailəsi olmayan, yetim uşaqların saxlanıldıqları uşaq evləri ilə internatları fərqləndirmək lazımdır. İnternatlarda əsasən valideynlərinin maddi durumu övladlarını saxlamağa kifayət etməyəcək dərəcədə pis olan uşaqlar yaşayır.
Uşaq evlərini tərk edənlərin problemləri ilə məşğul olan təşkilatların məlumatına görə, uşaq evlərində yaşayanlar yaxınlıqdakı orta məktəblərə gedirlər. İnternat sakinlərinə isə elə yaşadıqları internatda dərs keçirilir. Buraxılışdan sonra onlar texniki peşə məktəblərinə yollanmalıdırlar. Amma bu tədris ocaqlarında təhsilin səviyyəsinin müasir standartlara, lazımi meyarlara cavab vermədiyi aydındır. Odur ki, uşaq evlərini tərk edən bu şəxsləri qarşıda həyat uğrunda əsl mübarizə gözləyir. Onlar paralel olaraq iki ciddi problemi həll etməli olurlar: iş və mənzil. Bu uşaqların kifayət qədər savadlı olmaması onlara əmək bazarında yüksək səviyyədə rəqabət aparmağa imkan vermir. Nəticədə, uşaq evləri və internatdan çıxan uşaqlar əksər hallarda xüsusi hazırlıq tələb etməyən işlərdə çalışırlar.
Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev bildirir ki, internatda böyüyən uşaqların qanunvericiliklə müxtəlif hüquqları olsa da, onlar faktiki olaraq bütün bunlardan məhrumdurlar: "Onların mənzillə təmin olunmaq, torpaq təminatı kimi hüquqları var. Amma praktikada bu, işləmir. Ona görə işləmir ki, yerli səviyyədə uşaq müdafiə mexanizmi güclü deyil. Qanunvericiliyin icrası mexanizmi hansısa formada həyata keçirilməlidir, bu, özü yoxdur. Bu səbəbdən internatları bitirənlərin böyük əksəriyyəti küçə həyatı keçirir. Onlar həyatın ümidinə buraxılır".
Nazir Quliyevin dediyinə örə, internatları bitirən uşaqlar arasında fahişəliyin və cinayətkarlığın artması danılmaz fakt olsa da, bununla bağlı heç bir araşdırma aparılmır və rəsmi statistika da yoxdur. Bu istiqamətdə yalnız qeyri-hökumət təşkilatları müəyyən işlər görür. Lakin həmin uşaqların sayının çoxluğu və problemin böyüklüyü daha çox resurslar tələb edir: "Parlamentdə "Sosial xidmətlər haqqında" qanun qəbul edildi. Ümid edirəm ki, bu qanunun qəbulu sözügedən yeniyetmələrin probleminin həllinə qismən də olsa kömək edəcək".
Nazir Quliyevin sözlərinə görə, hazırda hətta onlar üçün iş tapmaq da çətindir. Bu üzdən də uşaq evləri və internatları tərk edən uşaqların yaramaz insanların əhatəsinə düşəcəkləri, dilənçi olacaqları, kriminala cəlb ediləcəkləri ilə bağlı risklər kifayət qədər yüksəkdir. Bu mənada, qızlar daha tez sınırlar. "Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirir ki, belə qız uşaqları əksər hallarda fahişəliyə, insan alverinə cəlb olunurlar. Bütün bunların səbəbi isə internat məzunlarının hüquqlarının müdafiəsinə zəmanətin olmaması, həyat təminatının yoxluğudur. Sovetlər dövründə məsələ daha asan idi: onların təhsil səviyyəsi ümumi təhsil səviyyəsinə uyğun idi, belə uşaqların təhsil alması üçün heç bir maneə yox idi, sonradan işə düzəlməkdə də çətinliklər yaşanmırdı. Üstəlik, bu gənclər mənzillə təmin olunurdular.
Ailə Məcəlləsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalınması, həmçinin onların sonradan həyata uyğunlaşması tam şəkildə dövlətin üzərinə düşür. Amma əməldə bürokratik maneələrsiz ötüşmək olmur. Müvafiq strukturlar sözügedən qanunun tələblərinə əməl etmirlər. Məsələn, "Sosial yardım haqqında" qanuna əsasən, uşaq evləri və internatı tərk etmiş uşaqlar yaşayış yeri ilə - mənzil və ya mənzil tikə biləcəkləri torpaq sahəsi ilə - təmin edilməli olsalar da, bu, faktiki olaraq, baş vermir.
Deputat Musa Quliyev məbuata verdiyi müsahibəsində bildirib ki, uşaq evləri və internatı tərk etmiş uşaqların sonrakı həyatının təmin olunması prosesi həqiqətən də böyük problemdir. Bu sahədə struktur "nizamsızlığı"nın olması isə vəziyyəti daha da ağırlaşdırır. Mənzil məsələsi ilə icra hakimiyyəti məşğul olur, işədüzəltmə Sosial Müdafiə Fonduna aiddir, təhsili isə Təhsil Nazirliyi verir. Millət vəkilinin fikrincə, belə insanların taleyinin Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi daha məqsədəuyğun olardı. Bu halda onlarla bağlı dövlət proqramının reallaşdırılmasına nəzarət şərtləri sadələşərdi.
Bu cür uşaqların mükəmməl təhsil alması xüsusi diqqət tələb edən məqamlardandır. Çünki bəzi uşaqlar hələ uşaq evi və ya internatda olarkən ali təhsil almağa başlasa da, 18 yaşına çatdığı üçün bu məkanları tərk edən zaman təhsili ataraq iş axtarmalı olurlar. Şübhəsiz ki, ali təhsilin yarımçıq qalması onların özlərinə uğurlu iş tapmasına daha bir maneə yaradır. Odur ki, dövlətin təhsilə görə ödənişi də (əgər ödənişlidirsə) öz üzərinə götürməsi yaxşı olardı.
Musa Quliyevin fikrincə, uşaq evləri və internatlarda böyümüş oğlan uşaqlarının hərbi xidmət keçmələri daha məqsədəuyğundur (18 yaşa çatdıqda onlar da həqiqi hərbi xidmətə çağırılırlar). Çünki onlar hərbi xidməti başa vurduqda həmin sahədə karyeralarını davam etdirmək imkanı qazanırlar. Bu isə onların əməkhaqqı və mənzillə təmin olunacaqlarına zəmanətdir. Belə insanlar arasında müvafiq təhsil aldıqdan sonra neft sektorunda çalışanlar da az deyil.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə uşaq evləri usulundan çoxdan imtina edilib. Məsələn, ABŞ-da Foster adlanan tərbiyə sistemi yaradılıb. Sistemin əsas məğzi uşağın ailədə yaşayıb və tərbiyə almaq hüququnun təmin edilməsindədir. Hər hansı səbəb üzündən "doğma" valideyinləri tərəfindən ailədə tərbiyələnmədən məhrum edilmiş uşaqları Foster tərbiyəçilərin ailələrinə yerləşdirirlər. Bunlar əvvələcədən peşəkar hazırlıq keçmiş və dövlət tərəfindən uşaq üçün maddi yardım, bəzi hallarda isə əmək haqqı ilə təmin edilən insanlardır. Bu cür sisem mənəviyyət - əxlaq nəzər nöqtəsi ilə yanaşı maliyyə baxımından da özünü doğruldub. İşgüzar amerikalılar bütün xərcləri hesablayib nəticədə belə qənaətə gəliblər ki, uşağın uşaq müəssəsində saxlanması Foster tərbiyəçiləri ailəsində saxlanmasından daha baha başa gəlir, bu, hətta əmək haqqı verilən hallarda da belədir. Tədriclə bu sistem demək olar ki, bütün inkişaf etmiş ölkələrdə tanıdıldı.
Azərbaycan Uşaqlar Birliyi valideyn himayəsindən məhrum gənclərin mənzillə təminatı üçün kvota müəyyənləşdirilməsi təklifilə çıxış edib. İş məsələsinə gəlincə isə birliyin sədri Kəmalə Ağayeva hesab edir ki, öncə bazarın tələbatına uyğun kadrlar hazırlanmalıdır: "Bakı şəhər İcra Hakimiyyətinin mənzil fondu hesabına mənzil ayrılması mümkündür. Digər tərəfdən, dövlət vəsaiti hesabına bina tikilə bilər. Peşə liseylərini bitirən uşaqlar üçün təyinat mexanizminin tətbiq ediləcəyi də deyilir. Hətta şirkətlərdə uşaq evlərini bitirənlərin işlə təminatı üçün kvota ayrıla bilər. Bu sahədə əsas iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəsinə düşür".
Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev fərqli düşünür. Onun sözlərinə görə, bu gün dövlət ehtiyacları üçün demək olar ki, mənzillər tikilmir. Əsasən binaları özəl şirkətlər tikir ki, onlar da öz əmlaklarını pulsuz verməkdə maraqlı deyillər: "Müəssisələri tərk edən uşaqların problemləri çoxdur. Xüsusilə mənzil, işlə təmin olunma. Bu da onlar üçün digər başqa problemlərin yaranmasına səbəb olur. Qanunvericilikdə bununla bağlı müəyyən müddəalar nəzərdə tutulsa da, bir çox halda onlar tətbiq olunmur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Hərraclar vasitəsilə torpaqlar satılır, bu uşaqların da maddi imkanları olmur ki, həmin hərraclarda iştirak etsinlər".
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirir ki, bu problemlə bağlı rəhbəri olduğu birliyə mütəmadi müraciətlər daxil olur. Onun sözlərinə görə, sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradılırdı: "Amma indi bu problemi həll edilən yeniyetmələrin sayı çox aşağı səviyyədədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur".
Yeri gəlmişkən, cari ilin yanvar ayında Milli Məclis Nazirlər Kabineti ilə birgə Mənzil, Şəhərsalma və Tikinti məcəllələrinə, o cümlədən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna əlavə və dəyişiklik layihəsi hazırladı. Layihəyə əsasən, 16 yaşına çatan valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlar üçün dövlət hesabına Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri ərazisində mənzil tipli yataqxanalardan ibarət şəhərcik salınması nəzərdə tutulur. Məqsəd kimsəsiz uşaqların yeniyetməlik dövründən sonra da sosial problemlərinin qarşılanması, onların uşaq evlərindən sonrakı həyat şəraitinin təmin edilməsidir.
Ülviyyə Tahirqızı