
Tural
AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin filialı olan Samara İnstitutunun direktoru Yelena Nikolayevna Şeremetyeva arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
İmzalanmış müqavilə birgə elm və təhsil proqramları, layihələrin həyata keçirilməsi, ali və ali məktəbdən sonrakı peşə təhsilli innovasiya sisteminin səmərəli fəaliyyət göstərməsi, eləcə də ali təhsilli və yüksək ixtisaslı mütəxəssislərin ixtisasının artırılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elm və peşə təhsilinin inteqrasiyasına kömək edəcək.
Qeyd edək ki, EİM 2014-cü ilin əvvəllərində Qazaxıstan Respublikası "Elmi Texniki İnformasiya Milli Mərkəzi" Səhmdar Cəmiyyəti ilə də müqavilə imzalayıb. Mərkəzin yaxın günlərdə bir neçə xarici təşkilatla elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalaması nəzərdə tutulur. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Belarus Dövlət İqtisad Universiteti müqavilə imzalanacaq xarici təşkilatlar sırasındadır.
İyulun 24-də isə AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin də iştirak etdiyi "AMEA Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri" mövzusunda tədbir keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə EİM-in baş direktoru, hüquq elmləru üzrə fəlsəfə doktoru Azər Namazov açaraq mərkəzin məqsəd və vəzifələri, strategiyası, fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Sonra mərkəzin əməkdaşları Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanması, respublikada aparılan elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatların fonda qəbulu, EİM-də işlənilən innovasiya layihələri, Azərbaycanın elmi jurnallarının INSPEC bazasında yerləşdirilməsi, EİM-də təlim-tədris fəaliyyəti, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq mövzusunda məruzələr ilə çıxış ediblər. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonda AMEA-nın elmi potensialı, konkret innovativ layihələrin işlənilməsi, layihələrin hazırlanması və icrası məsələlərinə toxunulub.