“AzerGold” xüsusi mükafata layiq görülüb İqtisadiyyat

“AzerGold” xüsusi mükafata layiq görülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib.

Bu barədə “AzerGold” QSC-dən bildirilib.

Məlumata görə, forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. “AzerGold” QSC qızıl və gümüşün beynəlxalq bazarlara ixracatı sahəsində verdiyi töhfələrə görə “Dövlət sektoru üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafat, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyevə təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC cari ilin əvvəlində qeyri-neft-qaz sektoru üzrə dövlətə məxsus ixracatçı subyektlərin reytinqində birinci pillədə qərarlaşıb.