Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06

Beynəlxalq Qadınlar Gününün yaranması XX əsrin əvvəllərində qadınların əmək hüquqları, seçki hüququ və sosial bərabərlik uğrunda mübarizəsi ilə bağlıdır. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Qadınlar Gününü rəsmi şəkildə qeyd etməyə başlayıb. Həmin ildən etibarən bu gün qadın hüquqları və gender bərabərliyi mövzularının qlobal səviyyədə müzakirə olunduğu mühüm tarixə çevrilib.
Azərbaycanda qadınlar tarix boyu elm, mədəniyyət, siyasət və ictimai həyatda mühüm rol oynayıb. Onların arasında dövlət xadimləri, alimlər, müəllimlər, həkimlər, incəsənət nümayəndələri və digər sahələrdə çalışan minlərlə qadın ölkənin inkişafına böyük töhfələr verib.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını hər zaman vətənin müdafiəsi uğrunda əlindən gələni əsirgəməyib, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri nümayiş etdiriblər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etiblər. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olub. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan edib. Bundan başqa, 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisələrdən biridir.
Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub.
Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə hər zaman həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün xanımlar üçün örnəkdir.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. Bu Milli Fəaliyyət Planı gender bərabərliyinin təmin olunması və bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, qadınların sosial-iqtisadi və ictimai-siyasi fəallığının artırılması, əmək bazarında gender fərqlərinin və ayrı-seçkiliyin azaldılması, təhsil, məşğulluq, media və digər sahələrdə gender yanaşmasının tətbiqi, gender bərabərliyi mədəniyyətinin təbliği və maarifləndirmə işlərinin gücləndirilməsi, sosial həssas qruplardan olan qadınların tibbi, hüquqi və sosial xidmətlərə çıxışının genişləndirilməsi, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlər üzrə məqsədləri əhatə edir.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu hər il artırmağa nail olublar.
Beləliklə, müasir dövrdə ölkəmizdə qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar dövlət idarəçiliyindən tutmuş elmə, biznesdən incəsənətə qədər müxtəlif istiqamətlərdə böyük uğurlar qazanırlar.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva