“İran ilk növbədə qonşularla normal münasibətlər qurmalıdır” Siyasət

“İran ilk növbədə qonşularla normal münasibətlər qurmalıdır”

“İranın silahlı qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə dron hücumları həyata keçirilib. Bu, o halda baş verib ki, ondan bir gün əvvəl Azərbaycan Prezidenti İranın Səfirliyinə getmişdi və İranın dini liderinin öldürülməsi ilə bağlı başsağlığı verdi. Bu, qonşu dövlət kimi İrana qarşı Azərbaycanın hər hansı bir qərəzinin olmamasının, əksinə, diqqətin, eyni zamanda, Azərbaycanın humanizm prinsiplərinə nə qədər riayət etməsinin göstəricisi idi. Cəmi bir gün sonra İran tərəfindən Azərbaycan ərazisinə dron hücumları oldu”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

Deputat bildirib ki, bu hücumlar Azərbaycan cəmiyyəti tərəfindən qətiyyətlə pislənildi: “Bu, İranın molla rejiminin mahiyyətini açan və alçaqcasına atılmış bir addım kimi qiymətləndirildi. Azərbaycan dövləti adından Azərbaycan Prezidenti də baş verən hadisələrə görə çox sərt reaksiya verdi. Eyni zamanda, nəzərə alaq ki, dünyanın ayrı-ayrı ölkələrində də Azərbaycana qarşı bu hücumla bağlı çox ciddi reaksiyalar oldu. Bizim tələbimiz ondan ibarətdir ki, bu hadisəni törədənlərin kimlər olduğu aşkarlansın və onlar cəzalansın. İran hökumət Azərbaycandan üzr istəsin. Bunlar Azərbaycan Prezidenti tərəfindən səsləndirildi”.

E.Musayev əlavə edib ki, İran xarici işlər nazirinin müavinin bir bəyanatı var, bildirir ki, bizim xəbərimiz yoxdur: “Hesab edirəm ki, bu, həqiqətə uyğun mövqe deyil. Necə yəni hökumət üzvləri bununla bağlı xəbərdar deyil. İkinci tərəfdən, İranın içində indi hərc-mərclikdir, onların istər ali dini rəhbəri olsun, istər hüquq mühafizə orqanları, güc strukturlarının rəhbərlərinin əksəriyyəti İsrail və ABŞ qüvvələri tərəfindən məhv edilib. Ona görə də İranın özündə də bir xaos var. Bu rejim faktiki özünün son dövrlərini yaşayır. Öz insanlarını vəhşicəsinə qətlə yetirən bir rejimdən bundan artığını gözləmək olmazdı. Nəzər alaq ki, o hadisədən bir gün əvvəl də onların ballistik raketi Türkiyə ərazisinə düşmüşdü. Onu da nəzərə alaq ki, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi var. Hər iki ölkə bir-birinin milli təhlükəsizliyi üçün təhdid yaranarsa, ona qarşı birgə mübarizə ilə bağlı öhdəlik götürüb. Düşünürəm ki, İranın molla rejimi baş verən hadisədən nəticə çıxarmaq məcburiyyətindədir. Əks halda, İranın vəziyyəti daha da pisləşəcək. Yəni qonşulara qarşı bu cür münasibət sərgiləmək İran dövlətinin vəziyyətini daha da ağırlaşdırır və ağırlaşdıracaq. İran ilk növbədə qonşularla normal münasibətlər qurmalıdır.”

Röya İsrafilova