Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb Cəmiyyət

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları vasitəsilə edilmiş hücumlarla bağlı Azərbaycan Ağsaqqallar Şurası bəyanat yayıb.

Bəyanatdaa deyilir:

"Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə – xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanına, orta təhsil məktəbinə və digər mülki infrastruktura qarşı hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərində də ciddi narahatlıq və dərin hiddət doğurub. Bu hadisə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, habelə dövlətlərarası münasibətlərin fundamental qaydalarına açıq şəkildə zidd olan son dərəcə təhlükəli və qəbuledilməz addımdır.

Azərbaycan Ağsaqqallar Şurası bu xain hücum aktını qətiyyətlə pisləyir və onu müstəqil Azərbaycan dövlətinə qarşı yönəlmiş növbəti təxribat kimi qiymətləndirir. Mülki obyektlərin – beynəlxalq hava limanının, təhsil müəssisələrinin və digər mülki infrastrukturun hədəfə alınması terror xarakterli əməl olmaqla, dövlətimizə, eləcə də insanlıq və beynəlxalq hüquq prinsiplərinə qarşı bağışlanmaz cinayətdir. Təəssüf hissi ilə qeyd edirik ki, bu hadisə İran tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk düşmənçilik addımı deyil. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində səfirliyin işçisi həlak olmuş, digər əməkdaş isə ağır yaralanmışdır. Bu kimi hadisələr regionda sülhə, qarşılıqlı etimada və dövlətlərarası münasibətlərin sağlam məcrada inkişafına sarsıdıcı zərbə vurur.

Azərbaycan Ağsaqqallar Şurası bəyan edir ki, Azərbaycan dövləti hər zaman qonşu ölkələrlə mehriban münasibətlər qurmaq, qarşılıqlı hörmət və etimad mühitində əməkdaşlıq etmək prinsipinə sadiq qalıb. Dövlətimizin həyata keçirdiyi siyasət regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edib. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməmiş və bundan sonra da verməyəcək.

Bununla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası bildirir ki, müstəqil Azərbaycan dövləti öz suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məsələsində qətiyyətlidir. Azərbaycan xalqı tarix boyu olduğu kimi, bu gün də öz dövlətinin ətrafında sıx birləşərək istənilən təhdidə qarşı sarsılmaz iradə nümayiş etdirməyə qadirdir. Biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələ ilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyir, dövlətimizin atdığı bütün siyasi, diplomatik və hüquqi addımları yüksək dəyərləndiririk. Azərbaycan Silahlı Qüvvələrinin və dövlət təhlükəsizlik strukturlarının ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində gördüyü tədbirlərə inamımız tamdır.

Azərbaycan Ağsaqqallar Şurası İran İslam Respublikasını bu hücum aktına görə məsuliyyət daşıyan şəxslərin dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını təmin etməyə, Azərbaycan dövlətinə rəsmi izahat verməyə və üzr istəməyə çağırır. Eyni zamanda, ölkəmizə qarşı aparılan qərəzli təbliğat kampaniyasına və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmalıdır. Biz əminik ki, Azərbaycan xalqı öz dövlətinin gücünə, milli birliyinə və qətiyyətinə arxalanaraq bütün çətinliklərin öhdəsindən gələcək, ölkəmizin təhlükəsizliyi və milli maraqları bundan sonra da etibarlı şəkildə qorunacaqdır. Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin qorunması naminə hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu bir daha bəyan edir".