

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir.
İyulun 23-ü saat 12:20-yə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 min 484 (Azərbaycan bölməsi üzrə 22 min 828, rus bölməsi üzrə 656) abituriyentin ərizəsi təsdiqlənib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5 dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50-dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.