“Fövqəladə hallarda özünü necə aparmalı” Hadisə

“Fövqəladə hallarda özünü necə aparmalı”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Respublika Klinik Xəstəxanasında "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunları iştirak ediblər.
Tədbirdə çıxış edən xəstəxananın baş həkimi Telman İbadov FHN-in insan həyatının xilas edilməsi, təhlükəsizliyi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün FHN tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür. Nazirliyin fəaliyyət istiqamətləri və struktur qurumları barədə məlumat verən FHN Bakı Regional Mərkəzinin istismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi, daxili xidmət polkovniki Elgün Əkbərov isə bildirib ki, tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir. O qeyd edib ki, xəstəxanada fövqəladə hal baş verərsə, həkimlər müalicə etdikləri xəstələrin də həyatlarını xilas etməyə borcludurlar: "Fövqəladə hallardan heç kim sığortalanmayıb. Bu baxımdan fövqəladə hallar zamanı davranış qaydalarına düzgün əməl etmək lazımdır".
Xəstəxananın həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində FHN Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumat veriblər. Tədbirdə FHN-in fəaliyyəti, eləcə də dünya ölkələrində baş verən bədbəxt hadisələr zamanı insanların üzləşdiyi problemləri əks etdirən video-çarx nümayiş olunub.
Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.