Erməni generalın həyəcanı Hadisə

Erməni generalın həyəcanı

Astvaçatur Petrosyan: "İqtisadi imkanlarımıza görə uğursuzluq qaçılmaz olacaq"

Cavid

Prezidentlərin Soçi görüşü cəbhə xəttində silahları susdura bilmədi. Ermənilər ənənəvi olaraq yenə də atəşkəs rejimini pozmaqda davam edirlər. Ekspertlərin prezidentlərin Soçi görüşünün Qarabağ münaqişəsinin həllinə böyük təkan verəcəyi barədə prqoqnozları hələ ki özünü doğrultmur.
Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank da görüşün əhəmiyyətli nəticələrə yol açmayacağı qənaətindədir: "Görüş elə bir nəticə vermədi. Yalnız tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Əslində heç kim bu görüşdən sülhə doğru real inkişaf gözləmirdi. Çünki Rusiyanın sülhdə marağı yoxdur. Cəbhə xəttində insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir". Amerikalı ekspert qeyd edib ki, münaqişə nəticəsində Ermənistan xarici siyasətdə, bəlkə də daxili və iqtisadi siyasətdə müstəqilliyini faktiki uduzub, Dağlıq Qarabağdakı ambisiyalarının girovuna çevrilib".
ATƏT-in Minsk qrupunun 1992-1996-cı illərdə rusiyalı həmsədri olan Vladimir Kazimirov isə erməni mediasına müsahibəsində prezidentlərinin Soçi görüşü və Qarabağ münaqişəsinin həlli ilə bağlı sualları cavablandırıb.
Keçmiş həmsədr prezidentlərin Soçi görüşündən sonra hansısa yeni bir prosesin başlanmadığını və Minsk qrupunun saxlanılmasının vacibliyini qeyd edib.
Rusiyanın Soçi görüşü ilə Dağlıq Qarabağ danışıqlarını inhisara götürdüyü barədə iddialara gəlincə, Kazimirov bu iddiları qəbul etmədiyini, bu formatda görüşlərin davam edəcəyini deyib: "Dmitri Medvedevin prezidentliyi dövründə prezidentlər dəfələrlə görüşdü. 2002-ci ildə Ki-Uestde Köçəryan və Əliyev arasında həftəlik sammit keçirildi. Bilirəm ki, yaxın gələcəkdə prezidentlər Fransada görüşəcəklər".
O, bildirib ki, vasitəçilər təklifləri təqdim edir, onu qəbul edib-etməmək isə tərəflərin işidir.
Ermənistanın Fövqəladə Hallar nazirinin müavini general-mayor Astvaçatur Petrosyan isə regiondakı situasiyanın hazırkı düşüncə tərzinə uyğun planlaşdırılmalı olduğunu bildirib: "Biz danışıqlar prosesinə xüsusi olaraq yanaşmalıyıq və danışıqları elə şəxslər aparmalıdır ki, onlar sabah hərəkətlərinin nəticələrini hiss edə bilsinlər. Silahlanma ilə heç bir şey əldə etməyəcəyik. Əgər Azərbaycan kimi biz də hazırda silahlanmadan istifadə etsək, o zaman iqtisadi imkanlarımıza görə uğursuzluq qaçılmaz olacaq".
ABŞ-ın "The Huffington Post" qəzetinin analitikləri isə hesab edirlər ki, Suriya, Qəzza sektorunda, İraqda olduğu kimi Yaxın Şərqdə daha bir müharibə ocağı Azərbaycan və Ermənistan arasında yarana bilər". Qəzetin yazdığına görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində avqust ayında baş verən döyüşlər belə deməyə əsas verir. ABŞ, Rusiya və ATƏT-in Minsk Qrupu nə qədər ki, gec deyil Qarabağ münaqişəsinin həlli istiqamətində təcili olaraq səylərini artırmalıdır: "Azərbaycan və Ermənistan danışıqları davam etdirməlidir. Artıq sülh zamanıdır. Azərbaycanlılar, gürcülər və ermənilər birgə Cənubi Qafqazı çiçəkləndirməlidir. Qarabağ münaqişəsinin həllinin vaxtıdır".
Politoloq Vəfa Quluzadənin fikrincə Soçi görüşü bitməyib, hələ bunun davamı olacaq. O bildirib ki, Putinin əsas məqsədi Qafqazda yeni müharibə başlatmaqdır: "Putin bu dəqiqə çıxılmaz vəziyyətdədir. O, Ukraynada məğlubiyyətlə üzbəüzdür. Buna görə də Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Bu baş tutarsa, regionda "bazarlıq" yaranacaq. Putin də Qərbdən tələb edəcək ki, Ukraynadan tamamilə əl çəksin".
Politoloqun qənaətinə görə, Rusiya Azərbaycanı öz məqsədləri üçün müharibəyə sürükləməyə çalışır: "Son günlər Jirinoviski və digər rusiyalı politoloqların verdiyi açıqlamalar heç də təsadüfi deyil. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, guya Moskvanın bütün partiyaları Azərbaycanın tərəfindədir. Göründüyü kimi, son günlər rusiyalı ekspertlər həm də fikirlər səsləndirirlər ki, Azərbaycan torpaqlarını indi azad edə bilərsə, edəcək. Yoxsa başqa zaman bu Azərbaycan üçün çətin olacaq.
Əslində isə onlar Azərbaycanı aldatmağa çalışırlar. Rusiya düşünür ki, rəsmi Bakı bu fikirlərə inanaraq, Ermənistan üzərinə hücuma keçəcək. Sonra isə Putin dünyaya bildirəcək ki, Azərbaycan tərəfi təcavüzkar dövlətdir. Yəni biz bu cür dəhşətli təhlükənin qarşısındayıq. Bütün bunları nəzərə almaq lazımdır. Hesab edirəm ki, bundan sonra yenidən Putin prezidentlərin görüşünü təşkil edəcək".
"Soçi görüşündən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atılmazsa, o zaman Azərbaycan müharibəyə hazırlaşıb torpaqlarını azad etməlidir". Bunu isə AMİP sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, prezidentlərin görüşü labüd idi və Azərbaycan prezidenti bu görüşdə iştirak etməli idi: "Çünki uzun müddət idi belə bir görüş keçrilmirdi və beynəlxalq təşkilatlar da, ATƏT MQ həmsədr ölkələri də belə bir görüşün keçirilməsini təklif edirdilər. Ancaq görüş xatirinə görüş olmamalıdır. Bu görüşlərin və danışıqların real nəticəsi olmalıdır. Əgər bu görüşdən sonra da münaqişənin həlli ilə bağlı real addım atılmayacaqsa, onda növbəti görüşlərə lüzum qalmayacaq və bu görüşün də mənasız olduğu ortaya çıxacaq. O zaman Azərbaycan tərəfini beynəlxalq aləm, o cümlədən də ATƏT-in Minsk Qrupu bu cür təkliflərdən imtina etməsinə görə nə ittiham edə, nə də qınaya biləcəklər".
Partiya sədri hesab edir ki, ilkin baxışdan bu görüş həm Ermənistan, həm də Rusiyanın maraqlarına xidmət edirdi. "Ermənistan hərbi əməliyyatlardan ehtiyatlanırdı, Rusiya isə bundan öz maraqlarını həyata keçirməyə çalışırdı. O Azərbaycanı Avropaya inteqrasiyasını dayandırmağa sövq etməyə çalışır. Ona görə də Rusiya bu münaqişənin həllində ədalətli mövqe gözləməyə dəyməz. Çünki Ermənistan Rusiyanın müttəfiqi olaraq həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür, həm də onun yaratmaq istədiyi Gömrük İttifaqına qoşulmağa hazırlaşır".