DSX: İrandan Azərbaycana 25 kiloqrama yaxın narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO Hadisə

DSX: İrandan Azərbaycana 25 kiloqrama yaxın narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, noyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kiloqram 785 qram olan (13 kiloqram 240 qram heroin, 1 kiloqram 535 qram metamfitamin, 10 kiloqram 10 qram tiryək və 1500 ədəd metadon-40 həb) narkotik vasitələr aşkarlanaraq götürülüb.
Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.