İrəlidə öncə Dövlət, Vətən olmalıdır Hadisə

İrəlidə öncə Dövlət, Vətən olmalıdır

Arzu Şirinova

Avqustun 29-da Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin jurnalistlərlə görüşünü bir yazar olaraq müsbət qiymətləndirirəm. Şəxsi qənaətimə görə, həmin toplantı illər bunadan öncə keçirilməliydi ki, bəzə kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də jurnalistlər nəticə çıxarsınlar. Və Azərbaycanın hələ də Ermənistanla müharibə şəraitində olduğunu, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında qaldığını, bir milyondan artıq qaçqın və məcburi köçkünün yurd-yuvasından didərgin düşdüyünü dərk eləsinlər və səhvlərdən yayınsınlar.
Ramiz Mehdiyev biz jurnalistləri haqqına tənqid elədi və qınadı:"Avqustun əvvəlində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edib, nəticədə Azərbaycan ordusunun hərbçiləri həlak olub, ermənilər isə dəfələrlə çox itki verərək geri çəkilməyə məcbur olublar. Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud olan bəzi narahatedici məqamların qabarmasına şərait yaratdı. Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyatı dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir".
Əziz həmkarlar, gəlin səmimi olaq və səhvlərimizə diqqət yetirək. Xatırlayırsınızsa, dövlət əhəmiyyətli tədbirlərin birində prezident, Ali Baş Komandan İlham Əliyev müharibə aparan bir ölkənin həm də informasiya müharibəsinə hazır olmasını bildirmişdi. Gəlin görək əksəriyyətimiz bu çağırışa üsulunca əməl edə bildikmi? Əsla yox. Bir qədər əvvəldən başlayım. Azərbaycanın fəxri Ramil Səfərov Macarıstandan ölkəmizə ektradisiya olunan zaman nələr etdik, yəqin ki, xatırlayırsınız. Düşmənin Ramil Səfərova olan münasibətini bildiyimiz halda-azad edilməsini, Azərbaycana qaytarılmasını istəmədiyi-başladıq zabitimizin hər addımını izləyib, onunla bağlı informasiyaları yaymağa. Düşməni qıcıqlandırmağı bir kənara qoyuram, zabitin şəxsi həyatına da müdaxilədən əl çəkmədik. Bəli, bilirdik ki, insanlarımız Ramil Səfərovla bağlı informasiyanı acgözlüklə oxuyurlar və maraqlanırlar. Və bu da bizim çalışdığımız kütləvi informasiya vasitəsinin oxucu sayına təsir edəcək. Bir sözlə, şəxsi marağımızı, İP həvəsimizi Dövlətin, Millətin və Xalqın maraqlarından üstün tutduq. Təki maliyyə verənlər görüsünlər ki, saytımız, portalımız və yaxud agentliyimiz, qəzetimiz İP sayına görə irəlidədir. İrəlidə öncə Dövlət, Vətən olmalıdır təfəkkürümüzü İP-in güdazına verdik.
İndi isə, keçirəm son hadisələrə. Avqustun əvvəlində xain düşmənin atəşkəsi pozması nəticədə verdiyimiz itkilər və Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərə don geydirib, guya ki, müharəbənin başlaması və torpaqlarımızın alınmasını kim tez qabağa düşdü qazandı düşüncəsilə fəaliyyətimizi qurmağımız düşmənin dəyirmanına su tökməkdən başqa nəyəsə yaramadı. Hələ bu informasiyaları sosial şəbəkələrdə paylamağımız bizim qeyri-peşəkarlığımızı ortaya qoymaqla yanaşı, eyforiyaya qapıldığımızın da bariz nümunəsi oldu.
Həmin vaxt qələminə hörmət etdiyim biri elə informasiya paylaşdı ki, şəxsən mən həmin informasiyanın doğru olduğuna inandım. Və yurdu işğal altında qalan biri kimi həmin gecə sevindiyimdən yata bilmədim. Elə bilirdim ki, səhər açılan kimi xoş xəbərləri ard-arda eşidəcəyəm. Mənim kimi çoxları bu hisləri yaşadılar və sonda arzuları, ümidləri qırıldı, sevicləri gəzlərində qaldı...
Hələ bu harasıdır, biz jurnalistlər-özüm və çalışdığım mətbu orqan bu səhvi etməsə də, ancaq yaxamı kənara çəkmirəm, çünki söhbət kütləvi informasiya vasitələrindən və media nümayəndələrindən gedir-şəhid olan oğullarımızın fotolarını birər-birər çəkib internetdə, saytlarda yaydıq. Hərbi texnikamızın nömrəsinə qədər və hara getdiyini belə düşmənə bildirdik. Yenə də İP zəhrimara görə. Kim bu barədə özəl informasiya verir xəstəliyi bizi sağlam düşünməyə qoymadı.
Yaxşı ki, məlum tədbir keçirildi və özümüzə gəldik...