“Sudan maksimum şəkildə qaynadıb istifadə etmək lazımdır” Hadisə

“Sudan maksimum şəkildə qaynadıb istifadə etmək lazımdır”

Dünyanı ağuşuna alan Covid-2019 koronavirusu ilə bağlı hər gün yeni qorxulu xəbərlər gəlir. Hər keçən gün dəhşətli virusun yayıldığı areal bir qədər də genişlənir, daha çox insan bu xəstəliyə tutulur, ölənlərin sayı artır.
Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxma diaqnozu ilə 3 nəfər xəstəxanada saxlanılır. Koronavirus şübhəsi ilə 230 nəfərdən çox Azərbaycan vətəndaşı müşahidə altındadır.
Vəziyyəti çətinləşdirən amillərdən biri odur ki, bu virus qrip xəstəliyi deyil. Onun müalicəsi, vaksini yoxdur, xəstəlik, onun yayılma yolları barədə də məlumatlar fərqlidir. İnsanlar hələ də bu virusa yoluxmamaq üçün nə etməli olduqlarını, necə qorunmaq lazım olduğunu bilmirlər.
Koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Həkimlər xəstəlikdən qorunmaq üçün ağız-burun və əlləri tez-tez yumağı məsləhət görür.
Bəs virusa su ilə yoluxmaq mümkündürmü?
Həkim terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus əsasən çirkli əllər, ağız-burunla insan orqanizminə düşə bilir: “Koronavirus suya davamlıdır, su olan mühitdə inkişaf edə bilər. Quru mühitdə, günəş işığında məhv olur".
Həkim bildirir ki, virus su ilə keçə bilər. Virusdan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.
"Əlləri tez-tez yumaq, ağzı və burunu duzlu qaynanmış su ilə yaxalamaq lazımdır. Hər 6 saatdan bir bu prosesi həyata keçirmək lazımdır. Virusun ağırlaşması üçün insan orqanizminə yüzlərlə düşməsi lazımdır. Və əgər virus insan orqanizminə düşsə belə, dərhal xəstəlik törətmir.
Əgər əllər tez-tez yuyularsa, burun-ağız təmizlənirsə, orqanizm virusu bədəndən ata bilir" - deyə həkim qeyd edib.
Onun sözlərinə, xəstəliyin əlamətləri adi qripin əlamətləri ilə eynidir. Sadəcə dərhal ciyərlərə çökərək, pnevmoniya, ağ ciyərlərin sətəlcəmini yaradır.
Həkimin fikrincə, xəstəliyin risk qrupuna ağır əməliyyat keçirmiş onkoloji xəstələr, ürək-qan damar xəstəlikləri olan şəxslər, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər, hormonal müalicə qəbil edən xəstələr daxildir. Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə tənəffüs və ağciyər yetməzliyi yaradaraq ölümə səbəb olur.
Həkim qeyd edir ki, koronavirusdan ölüm faktı 3 faizdir. Bu da daha çox risk qrupuna daxil olan insanlarda müşahidə edilir: "Ölüm riski 80-85 yaşlı insanlarda daha çoxdur. Xəstəlikdən qorunmaq üçün ağız-burunu və əlləri minimum 20 -30 saniyə sabunla ilıq su ilə yumaq lazımdır. Əlləri yumadan ağız-burun və gözə aparmaq olmaz. Sabun yoxdursa, adi antiseptik salfetlərdən istifadə etmək olar".
Həkim terapevt Məlahət Abbasova isə bildirir ki, ictimai yerlərdə olduqdan sonra əllər 72 faiz sabunla yuyulmalı və sonra spirtlə silinməlidir: "Bu ərəfədə insanların kütləvi şəkildə olduğu ərazilərdə olmamağa çalışmaq lazımdır".
Həkimin fikrincə, xəstəliyə yoluxmamaq üçün soyuqdan qorunmaq və immun sistemini yaxşılaşdıracaq qidalara bal, bəkməz və isti qidalara üstünlük vermək lazımdır.
Onun sözlərinə görə, virusa su ilə yoluxmaq mümkün olduğu üçün qaynanmış sudan istifadə edilməlidir: "Ancaq su qaynadılan zaman mikroblarla yanaşı, bizə lazım olan elementlər də ölür. Bunun üçün qaynanmamış suyu şüşələrə doldurub, soyuducuda buz bağlamasını gözləmək və donu açıldıqdan sonra istifadə etmək olar. Belə şəraitdə mikroblar ölür, amma mineral və lazımlı elementlər ölmür".
Həkim vurğulayıb ki, xəstəlik qorxusu ilə panikaya düşmək olmaz. Çünki panika özü də bədənin immun sistemini zəiflədir.
"Gündəlik gigiyena qaydalarına əməl edin. Bir neçə dəfə əlinizi sabunla yuyun. Dəniz suyu məhlullu burun təmizləyici mayedən istifadə edin. İmmunitetinizi möhkəmlədən qidalardan istifadə edin. İnsanların çox olduğu yerlərdən aprel ayına qədər bir az uzaq gəzin.
Üstünüzdə spirt gəzdirin və istifadə edin. Açıq havada çox gəzin. Evinizi havalandırın", -deyə həkim bildirib.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus su ilə yayıla bilər. Onun sözlərinə görə, durğun şəkildə olan su hövzələrində bu təhlükə daha böyükdür. Ona görə də baş epidemioloq suyu qaynadıb istifadə etməyi tövsiyə edir: "Sudan maksimum şəkildə qaynadıb istifadə etmək lazımdır. Çünki bu virusun suda yaşaması mümkündür. Suyu qaynadıb içməyi tövsiyə edirəm. Hətta əl-üz yumaq üçün də çalışmaq lazımdır qaynanmış sudan istifadə olunsun".