Tanrı bizi qorusun... Hadisə

Tanrı bizi qorusun...

Arzu Şirinova

Dünən Dünya Sosial Ədalət günü kimi təqvimə düşəb. Xatırladaq ki, həmin gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb.
Sosial ədalət müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri və iş yerləri də daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması üzərində qurulub.
Azərbaycanda sosial ədalət prinsipi yox həddinə çatdığındandır ki, yəqin bu günün də xüsusi olaraq qeyd olunmasına səy göstərmirik. Yəni, yox həddinə çatan bir şeyi necə qeyd edəsən?
Heç kim inkar edə bilməz ki, Azərbaycanda inkişaf yoxdur. İnkişaf var-neftdən və təbii qazdan gələn milyonlar hesabına körpülər tikilir, yeraltı keçidlər salınır, yollarımıza asfalt döşənir, az qala hər bir rayonda olimpiada kompleksləri inşa edilir, köhnə parklar yenilərilə əvəzlənir, şadlıq evlərinin və restoranların sayı göbələk kimi günbəgün artır, tikilən, ancaq qiyməti çox baha olan hündürmərtəbəli binaları isə saymaqla qurtarmır və s. Bu siyahını bir qədər də artırıb, Azərbaycandakı inkişafın səviyyəsini təsəvvür edə bilərik. Ancaq lüzum görmürük. Çünki hər şey göz qabağındadır. İndi isə keçək əsas mətləbə. Bu yüksəlişin müqabilində Azərbaycanda sosial ədalət prinsipi görəsən hansı yerdə bərqərar olub? Yuxarıda qeyd etdik ki, bu prinsip yoxa bərabərdir.
Beləliklə, hakimiyyətin əməkhaqqı siyasətində sosial ədalət prinsipi pozulub. Bu ölkədə alim, müəllim, həkim, jurnalist hakimdən, polisdən, icra orqanlarında çalışanlardan dəfələrlə az əməkhaqqı alır. Bunun da nəticəsində alim elmdən əl çəkərək qeyri-ixtisasla məşğul olur, müəllimin gözləri tələbənin əlinə, həkimin gözləri isə xəstənin cibinə tikilir və bununla da ləyaqət deyilən bir söz yenisiylə-bu sözün adını sizlərin ixtiyarına buraxıram-əvəzlənir. Jurnalist isə-əsil jurnalistdən söhbət gedir-bir çox hallarda həqiqəti yaza bilmədiyindən boğulur, üstəlik də maddiyyat problemi onun sözünün çəkisinə təsirsiz ötüşmür. Yəni qanorar xatirinə yazır, yazır... Bir də ayılır ki, sanki eybəcər bir insanın portretini çizib. Belə acınacaqlı durumla barışmayanların çoxu bu gün jurnalistikada yoxdurlar. Bu cür davam edərsə, Azrəbaycan jurnalistikası qeyri-peşəkarların ümidinə qalacaq.
Sosial ədalət prinsipinin yoxa bərabər olduğundandır ki, bu gün Azərbaycanda intihar edənlərin sayı artıb. Səbəb təbii ki, işsizlik və buna gətirib çıxaran yoxsulluqdur. Mən yazılarımın birində yazmışdım, ikinci dəfə yenə qeyd edirəm ki, əgər 1956-cı il təvəllüdlü bir alim intihar edirsə, bu zaman onun ölümündə başqa nüanslar axtarmaq lazım deyil. Burda ən böyük amil onun ailəsinin yaşayışını təmin edə və övladlarının üzünə dik baxa bilməməsidir. Heçə illər çiyin-çiyinə işlədiyim insanlar-ziyalılardan söhbət gedir-tanıyıram ki, illərdir kirayələrdə ömür sürürlər. Onların ev almaq və yaxud tikmək imkanları yoxdur. O qədər az maaş alırlar ki, ipoteka keredidindən belə yararlana bilmirlər. Ümumiyyətlə, bu kreditdən nə alimlər, nə müəllimlər, nə həkimlər, nə də jurnalistlər yararlana bilirlər. Çünki bu koteqoriyadan olan insanların aldıqları məvacib ipoteka şərtlərinə uyğun deyil.
Sosial ədalət prinsipi yoxa bərabər olan bir cəmiyyətdə isə, milli-mənəvi dəyərlərin ölməsi, əvəzində əxlaqın pozulması, vicdansızlığın, ləyaqətsizliyin bərqərar olması faciəsi başlayır. Bu günki gənclik artıq belə güman edir ki, əgər Azərbaycanda yüksəlmək istəyirsənsə, müsbət deyil, mənfi keyfiyyətlərin daşıyıcısına çevrilməlisən. Bu zaman hər şeyə nail olcaqsan-rütbəyə, vəzifəyə, evə, maşına və s.
Gəlinən nəticə ondan ibarətdir ki, sosial ədalət prinsipi qorunuan cəmiyyətlərdə vətəndaşlıq mövqeyi yüksək olur. Vətəndaş isə "bu Vətən mənimdir deyib", onu bağrına basır, Vətənin bir qarışının itirilməsini həzm edə bilmir. Ulu Tanrı bizi vətəndaşlıq mövqeyinin itirilməsi faciəsindən qorusun.