“Bu, ölkənin siyasi tarixində ciddi dönüş nöqtəsi ola bilər” Gündəm

“Bu, ölkənin siyasi tarixində ciddi dönüş nöqtəsi ola bilər”

“Son dövrlərdə səsləndirilən ittihamlar cəmiyyətin diqqət mərkəzindədir və adı çəkilən şəxslər — Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimli — ətrafında formalaşan iddialar ölkənin siyasi mühitində ciddi rezonans doğurub. İddialara görə, xarici xüsusi xidmət orqanlarının təsiri altında fəaliyyət göstərən və Azərbaycanda dövlət çevrilişi planlaşdıran bir şəbəkə mövcud olub, həmin şəbəkənin koordinasiyası və istiqamətləndirilməsi isə ölkə daxilindən həyata keçirilib. Bu, son dərəcə ağır və həssas ittihamdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova söyləyib.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi milli təhlükəsizliyin əsas sütunlarıdır: “Bu dəyərlərə qarşı yönəlmiş istənilən fəaliyyət, əgər sübuta yetirilərsə, hüquqi baxımdan ən sərt qiymətini almalıdır. Xüsusilə Vətən müharibəsi ərəfəsində ictimai rəyi manipulyasiya etmək, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq, dövlətin beynəlxalq nüfuzuna xələl gətirəcək addımlar atmaq kimi iddialar milli həmrəyliyin hədəfə alınması kimi qiymətləndirilə bilər. Eyni zamanda, radikal müxalifətin və xaricdə fəaliyyət göstərən sərt ritorikalı qrupların koordinasiyalı şəkildə yönləndirilməsi ilə bağlı səsləndirilən fikirlər də ciddi araşdırma tələb edir. Dövlətçilik prinsipi ondan ibarətdir ki, siyasi rəqabət legitim çərçivədə aparılsın, lakin konstitusion quruluşa qarşı gizli planlar, xarici müdaxilə və ya qeyri-qanuni fəaliyyət iddiaları varsa, bu artıq siyasi polemika deyil, ağır cinayət, vətənə xəyanətdir”.

E.Akimovanın bildirdiyinə görə, əgər istintaq orqanları tərəfindən təqdim edilən faktlar məhkəmə prosesində təsdiqini taparsa, bu, ölkənin siyasi tarixində ciddi dönüş nöqtəsi ola bilər: “Belə bir halda dövlətə qarşı yönəlmiş fəaliyyətə görə məsuliyyət fərdi statusdan, keçmiş vəzifədən və siyasi mənsubiyyətdən asılı olmayaraq tətbiq edilməlidir. Dövlət qarşısında hamı bərabərdir prinsipi məhz belə məqamlarda sınağa çəkilir. Digər tərəfdən, bu hadisələr bir daha göstərir ki, milli təhlükəsizlik məsələləri partiya və ya şəxsi münasibətlər müstəvisində deyil, institusional və hüquqi çərçivədə həll olunmalıdır. Dövlətin sabitliyi, ictimai birliyi və beynəlxalq nüfuzu yalnız qanunun aliliyi, şəffaflıq və məsuliyyət mexanizmləri ilə qoruna bilər. Cəmiyyət üçün əsas məsələ emosional qarşıdurma deyil, həqiqətin ortaya çıxmasıdır. Əgər xəyanət varsa, o, hüquqi müstəvidə sübuta yetirilməli və ən sərt formada cəzalandırılmalıdır”.

Röya İsrafilova