Azərbaycanda əhalinin sayı 9.5 milyonu keçdi Hadisə

Azərbaycanda əhalinin sayı 9.5 milyonu keçdi

Sentyabrın 15-də Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Açıqlamada qeyd olunur ki, ümumi daxili məhsul istehsalı 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2,4 faiz artaraq 39,2 milyard manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 4170,3 manat məbləğində (5317,3 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb. Əlavə dəyərin 57,3 faizi qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 6,3 faiz artıb, neft-qaz sektorunda isə 2,6 faiz azalıb. İqtisadiyyatın qeyri-enerji sektorunda 6,3 faiz artım müşahidə olunub.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, yanvar-iyul aylarında 137 xarici ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilib. Ticarət əlaqələrinin 9,2 faizi, yaxud 1,7 milyard dolları MDB üzvü dövlətləri ilə, 90,8 faizi və ya 16,4 milyard dolları digər ölkələrlə aparılıb. Qeyri-neft məhsullarının ixracı yeddi ay ərzində 3,4 faiz azalıb.
2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil edib.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artaraq 2014-cü ilin avqust ayının 1-i vəziyyətinə 9 milyon 540 min 400 nəfərə çatıb.