“Azərbaycanda yad dildən asılılıq kompleksi var” Hadisə

“Azərbaycanda yad dildən asılılıq kompleksi var”

Şahlar Məmmədov: "Dil təəssübkeşliyi ailədən başlayır"

"Bir milləti məhv etmək üçün dilini əlindən almaq yetərlidir... Bu, inkişaf etmiş cəmiyyətlərin bildiyi bir reallıqdır. Bu gün biz güclü dillərin deyil, güclü dövlətlərin təzyiqindən əziyyət çəkirik. Güclü dövlətlər öz dillərini müqəddəsləşdirir, dillərinə təkcə öz ölkələrində ünsiyyət vasitəsi kimi yanaşmırlar".
Bunu BayMediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstititu, Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib. Onun sözlərinə görə, onlar dili inkişaf etdirmək, yaymaq və təbliğ etmək üçün çoxlu pul xərcləyirlər: "Ona görə də onlar bu sahədə müəyyən nəticə əldə edə bilirlər. Təkcə bizim dilimiz qloballaşmanın fəsadlarından əziyyət çəkmir. Məsələn, dünyanın ən zəngin dillərindən olan ərəb dilində də belə problemlər var. Dil sevgisi, dil təəssübkeşliyi ailədən başlayır. Əgər hansısa şirkət rəhbəri məqsədli şəkildə ailədə, öz çevrəsində əcnəbi dildə danışırsa, dil siyasətinin fəlsəfəsini anlamırsa, dilimizin təəssübünü necə çəkə bilər? Başqalarının xoşuna gəlmənin arxasında çox vaxt cılız şəxsi maraqlar durur. Bəzi bank sektorlarında, bir sıra özəl və dövlət qurumlarında çalışan şəxslərin rus dilində ünsiyyət qurması heç kimə sirr deyil. Bu düşüncənin tarixi əslində daha qədimdən gəlir. Məsələn, bir Azərbaycanlı mütəfəkkirin bu dili dərindən bildiyi halda başqa dildə əsər yazması, yad dillərin inkişafına bütün ömrünü sərf etməsi doğurdanmı ümumbəşəri dəyərlərə sadiqliyin nümunəsidir? Müstəqillik dildən başlayır. İş yerində, hansısa bir mühitdə nüfuz sahibi olmaq, imkanlı olmaq hələ müstəqil düşüncə sahibi olmaq anlamına gəlmir. Belə insanlara necə dil daşıyıcısı demək olar? Dil daşıyıcısı olmaq üçün gərək o dilin bütün ağırlığını, yükünü çəkə biləsən. Ana dilimizə sevgisi olmayanlara dil daşıyıcısı demək olarmı?". Onun sözlərinə görə, dili zibilləmək öz evini natəmiz saxlamaq kimi bir işdir: "Təəssüflər olsun ki, bir çox dövlət xəstəxanalarında belə reseptlər, daxili yazışmalar rus dilində aparılır. Məsələn, əgər ali savadlı yaşlı bir həkim "elə əvvəldən belə olub, belə də olacaq", deyirsə, o zaman təhsilisiz, yaxud, " ipə-sapa yatmayan gənclik"dən nə ummaq olar? Dünyada mədəniyyətlərin savaşı gedir. Min illərin güclü və gücsüz qarşıdurması, mübarizəsi davam edir. Əcnəbi o zaman bizim dili öyrənməyə məcbur olacaq ki, hər bir Azərbaycanlının bu dilə böyük sayğısı, sevgisi olsun! Əcnəbi o zaman bizim dili öyrənməyə məcbur olacaq ki, elm dili kimi Azərbaycan dili öz sözünü desin, bu dildə nəşr olunan elmi ədəbiyyatların sayı yetərli olsun! O zaman bir ölkə kimi daha güclü ola bilərik. Dilimizi qorumaq, inkişaf etdirmək üçün kifayət qədər qanunverici baza mövcuddur. Bunun özü gənc müstəqil ölkə üçün çox ciddi tarixi hadisədir. Dil siyasətinin konturları dilimizlə bağlı "Dövlət Proqramı"nda çox aydın şəkildə göstərilib. Bu tarixi fürsət dilin bütün tarixi mərhələrində heç də həmişə mövcud olmayıb. Əlbəttə, sapmaları bütövlükdə xalqa aid etmək olmaz. Biz bir millət olaraq min illər boyu elə öz dilimizdə - Azərbaycan türkcəsində danışmışıq. Öz dilimizdə danışmaq ənənəsi olmasaydı, bu qədər mənəvi irsimiz mövcud olmazdı, anadilli yazılı ədəbiyyat yaranmazdı, yarım min il öncə dilimiz dövlət dili səviyyəsinə yüksəlməzdi. Bu gün bizim inkişaf etmiş çox gözəl diplomatiya dilimiz formalaşıb. Bütün bunlar dilin tarix boyu mövcudluğu, dominantlığı deməkdir. Əcdadlarımız dilimizi yaşatmaqla, qorumaqla, bu dildə əsərlər yazmaqla yanaşı, xüsusilə də ərəb və farsdilli ədəbiyyatın yaranmasına misilsiz töhfələr verib. Söhbət o dövr üçün hansısa dilin dominantlığından getmir. Məgər bu gün başqa dildə ədəbiyyat nümunələri yaradılmırmı?! Dili qoruyub saxlayan xalqdır, ədiblərdir, dil daşıyıcılarıdır. Azərbaycan dili tarixin ən ağır sınaqlarından üzüağ çıxıb, istilalar, miqrasiyalar, məkrli siyasətlər bu dilin qarşısında duruş gətirə bilməyib. Bunun üçün əcdadlarımıza minnətdar olmalıyıq. Lakin yad dildə danışmaq, öz dilini bilmədən başqa dildə təhsil almaq meyli danılmaz təəssüedici fakdır". Onun sözlərinə görə, bəzən bunu mentalitet anlayışına bağlamağa çalışırlar: "Hesab edirəm ki, yanlış yanaşmadır. Dil - öz millətini sevən, onun milli-mənəvi dəyərlərini uca tutanlar üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi əxlaq, ulu əcdadlarının ruhuna sayğı məsələsidir. Azərbaycanda yad dildə danışmaq ənənəsi yoxdur, yad dildən asılılıq kompleksi var, kortəbii, bəzən də məqsədli şəkildə dil normalarını pozmaq, rus dilində danışma halları vardır. Səbəbləri təxminən bu şəkildə ümumiləşdirmək olar:
1. Azərbaycançılıq şüurunun zəif olması.
2. Dil siyasətinin mahiyyətini yetərincə anlamamaq.
3. Rusiya ilə əlaqələrin olması və rusdilli məktəblərin mövcudluğu.
5. Elitar ailə mühiti.
6. Etnik dil mənzərəsi və kənar təsirlər.
6. Rus dilinin hələlik elm dili kimi Azərbaycan dilindən üstün olması.
7. Dilimizlə bağlı inzibati resursların mövcud olmaması və ya işlək mexanizmə çevrilməməsi və s.
Göründüyü kimi, ölkəmizdə daha çox məişət səviyyəsində rus dilində danışmanın həm obyektiv, həm də subyektiv səbəbi var. Rus dilini bilmək çox yaxşıdır, lakin həmin dilin özü ilə bərabər gətirdiyi düşüncə tərzi dilimizə, milli-mənəvi dəyərlərimizə qarşı inkarçılıq mövqeyi yaratmamalıdır. İstənilən halda bu problemlərin qarşısını almaq üçün dilimizin inkişafına, təbliğinə çoxlu pul xərcləməliyik".

Əli Zülfüqaroğlu