İlham və Fərizənin məzarlarını təhqir edən şəxs yaxalanıb Hadisə

İlham və Fərizənin məzarlarını təhqir edən şəxs yaxalanıb

Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxsin tutulması ilə bağlı açıqlama yayıb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün əziz və müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurub, qəbirləri təhqir edilmiş şəhidlərin yaxınları da daxil olmaqla bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək, həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın 24-də səhər saatlarında Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib. Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur. Faktla bağlı istintaq davam etdirilir.