Abşeron dairəvi dəmir yolu xətti üzrə ən çox sərnişin fevralda daşınıb - RƏSMİ Hadisə

Abşeron dairəvi dəmir yolu xətti üzrə ən çox sərnişin fevralda daşınıb  - RƏSMİ

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar karantin rejiminin şərtlərinə uyğun müəyyənləşdirilmiş qrafiklə işləyir.

Bunu sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşınıb:

"Bakı-Pirşağı-Sumqayıt istiqamətində fevral ayı ərzində 89 mindən çox, Bakı-Xırdalan- Sumqayıt istiqamətində isə 243 mindən artıq sərnişin hərəkət edib. Ümumiyyətlə, qurum olaraq sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini daima diqqətdə saxlayırıq. Odur ki, mayın 4-dən və 18-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişinlərin sayında artım müşahidə edildi. Bunu nəzərə alaraq, pandemiya dövrünün tələblərinə əməl olunmasını təmin etmək məqsədilə xətdə qatar sayı artırıldı. İyunun 5-dən də sərnişin sıxlığı nəzərə alınaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırıldı və qrafik dəyişildi. Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılması ilə əlaqədar iyulun 7-dən qatarların sayı azaldıldı və qrafik yeniləndi".

QSC-dən əlavə ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində iyun ayı ərzində daşınan sərnişin sayı 43 mindən çox olub. Bakı-Xırdalan-Sumqayıt istiqamətində isə iyun ayı ərzində 66 mindən artıq sərnişin xidmətdən istifadə edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 31-dək uzadılması ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq.