Deputat: Azərbaycanda təhsilə hər zaman diqqət və qayğı göstərilib Hadisə

Deputat: Azərbaycanda təhsilə hər zaman diqqət və qayğı göstərilib

Azərbaycanda təhsilə hər zaman diqqət və qayğı göstərilib. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu sahəni mütəmadi olaraq diqqətdə saxlayıb. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də məhz təhsildir. Bu sahədə həyata keçirilən islahatlar və görülən tədbirlər də bunu bir daha təsdiq edir.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə UNEC-in və ADA Universitetinin yeni tədris korpuslarının açılışı oldu:

“Bu korpuslar müasir standartlara cavab verən laboratoriyalarla təhciz olunub. Burada yüksək səviyyədə təmir-bərpa işləri həyata keçirilib. Son vaxtlar dövlət siyasətində təhsilə göstərilən böyük diqqət və qayğı açıq şəkildə hiss olunur. Bu korpusların açılışı təhsilə, onun inkişafına və müasir texnologiyaların tətbiqinə böyük önəm verildiyini göstərir.

Eyni zamanda, Prezident İlham Əliyev ötən gün Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış oldu, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak etdi.

Bu gün dünyada çox ciddi proseslər gedir. Bir ölkənin güclü olması onun təhsilinin inkişafı ilə bilavasitə bağlıdır. Bu baxımdan belə bir binanın açılması və istifadəyə verilməsi xüsusi önəm daşıyır.

Biz inanırıq ki, növbəti illərdə digər universitetlər də bu addımı atacaq. Azərbaycan Dövlət Aqrar Universitetində bu tip işlər həyata keçirildi və yeni korpus istifadəyə verildi. Hazırda Azərbaycan İlahiyyat İnstitutunun yeni binası təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcək. Hər bir təhsil müəssisəsi çalışmalıdır ki, dövlətin yaratdığı imkanlardan maksimum istifadə etsin. İnanırıq ki, ölkə rəhbərliyinin diqqət və qayğısı davam etdiriləcək və yeni korpuslar açılacaq”.