TÜRKSOY Rusiyada Novruz şənlikləri keçirəcək Hadisə

TÜRKSOY Rusiyada Novruz şənlikləri keçirəcək

Moskvada Rusiya Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY arasında "Qarşılıqlı anlaşma haqqında Memorandum" imzalanıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sənədi Rusiya mədəniyyət nazirinin birinci müavini Vladimir Aristarxov və TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalayıb.
Nazirlikdən bildiriblər ki, sənəd Rusiya Federasiyasının subyektləri və TÜRKSOY arasında humanitar əməkdaşlığın, mədəniyyət və incəsənət sahəsində əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Görüşdə UNESCO-nun siyahısına daxil olan qeyri-maddi irs nümunələri ilə bağlı, eləcə də musiqi, teatr, muzey işi, mədəni irs, rəqs, tətbiqi incəsənət, kinematoqrafiya sənəti sahələrində birgə proqram və tədbirlərin keçirilməsi perspektivləri də müzakirə edilib.
İlk birgə layihələrdən biri Novruz bayramı olacaq. Vladimir Aristarxov əsrlərlə yanaşı yaşayan, bir çox dəyərləri paylaşan xalqların əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, ümumi dəyərlər əsrlərlə yaradılıb və onun sənədlə təsdiqlənməsi vacibdir.