QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyada konfrans keçirilib Hadisə

QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyada konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan səfirliyinin əməkdaşları, siyasi ekspertlər, iqtisadi araşdırma mərkəzlərinin nümayəndələri, QHT rəhbərləri, media qurumlarının təmsilçiləri, ümumilikdə 60-a yaxın şəxs iştirak edib. Toplantının məqsədi ölkəmizin son illərdə sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar haqqında Almaniya ictimaiyyətini dolğun və dürüst informasiya ilə təmin etmək olub.
Konfransda çıxış edən "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun sədri Matias Dornfelt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib.
Təşkilatın sədri ASAN Xidmət mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb.