“Qadınlardan narkokuryer qismində istifadə edirlər” Hadisə

“Qadınlardan narkokuryer qismində istifadə edirlər”

Әsgər Abdullayev: "Yeni psixoaktiv maddələrin yayılması üçün Azərbaycan ərazisindən istifadəyə cəhdlər var"

Son illər ərzində narkoişbazlar tərəfindən qadınlardan narkokuryer qismində istifadə edilməsinə cəhd halları nəzərəçarpacaq dərəcədə artıb. Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Әsgər Abdullayev "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1992-ci ildən indiyədək gömrük orqanları tərəfindən narkotik maddələrin qaçaqmalçılığına görə 164 qadın saxlanılıb. Onların 83-ü Azərbaycan vətəndaşı olub.
Ә.Abdullayev bildirib ki, bir çox hallarda qadınların narkotik vasitələr, psixotrop maddələr və onların prekusorlarının qaçaqmalçılığı cinayətlərində iştirakı onların həyat yoldaşları və ya "məşuqları"nın, bəzən də digər qohumlarının narkoman və ya narkotik vasitələrin satışı ilə məşğul olması və həmin şəxslərin narkotikə olan tələbatının ödənilməsi və ya realizasiyasında iştirak etmə ilə bağlı olur. Bəzi hallarda qadınların bu cinayətlərdə iştirakının onların maddi vəziyyətinin aşağı olması və bunu bəzi sosial problemlərinin həlli yolu kimi görməkləri ilə əlaqədar olması müəyyən edilib.
Komitənin sədr müavini qeyd edib ki, müasir dövrdə bütün dünyanı ciddi narahat edən məsələlərdən biri də beynəlxalq və milli siyahılara daxil edilməmiş maddələrdən narkotik vasitə, psixatrop maddə qismində istifadə edilmədir.
Onun sözlərinə görə, "dizayner narkotikləri", "leqal narkotiklər", "vanna üçün duzlar", "spays" və digər bir sıra adlar altında tanınan bu yeni psixoaktiv maddələr artıq dünyanın bir çox ölkələrində ciddi problem kimi qəbul olunmağa başlayıb: "Buna səbəb bu maddələrin insanların səhhətinə vura biləcəyi ciddi zərər və hətta insan ölümünə səbəb ola bilmə təhlükəsidir. Təəssüflə qeyd olunmalıdır ki, yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan ərazisindən istifadəyə cəhdlər mövcuddur".