Baş nazir Hərbi Hava Qüvvələrindəki vəziyyəti öyrənib Hadisə

Baş nazir Hərbi Hava Qüvvələrindəki vəziyyəti öyrənib

Azərbaycan Respublikasının baş naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən respublikanın Baş naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.
Yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkilib və orada yaradılan şəraitlə tanış olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar Silahlı Qüvvələrin döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri xüsusi vurğulayıb.
Uçuş-texniki heyəti ilə görüşən baş nazir A.Rasi-zadə aviabazanın ərazisində aparılan işlərdən məmnun qaldığını, bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini bildirib və şəxsi heyətin sosial-məişət şəraitinin həlli üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.